17 May 13:07
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il sentyabrın 3-də Mustafayeva Maya Rövşən qızının Bakı şəhər sakini Mikayılov Şəmşad Vəkil oğlunu ev satmaq adıyla aldadaraq 17 500 manat pulunu mənimsədiyi iddia olunur.

Bu barədə Teleqraf.com-a danışan zərərçəkmiş Şəmşad Mikayılov bildirib ki, 2 azyaşlı körpəsi ilə çıxılmaz vəziyyətdə qalıb. Aylardır ona olunan təzyiqlər və dolandırılması ilə bağlı danışan Şəmşad bəy bildirib ki, şikayəti əsasında Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsində təhqiqat aparılsa da cinayət işi başlanmayıb.

Şikayətçinin sözlərinə görə, hazırda Yasamal rayonu, Mida 2, bina 13, blok 38, mənzil 43 ünvanından çıxarılmaq təhlükəsi ilə üz-üzə qalıb. Şəmşad Mikayılov iddia edib ki, mənzilin sahibi Əliyev Gülrza, usta Elxan Quliyev tərəfindən təzyiqlərə məruz qalır. Onun sözlərinə görə, mənzilə Maya Mustafayeva tərəfindən yerləşdirilib.

“Dedi ki, pulun qalanını verməsəm, 4 min də batacaq”

“Mustafayeva Maya ilə məni iş yoldaşım Qələndərli Həzrət tanış edib. Mən ev almaq istəyirdim, Həzrət də bunu bilirdi. Sabunçuda yaşadığım bir otaqlı evi və maşınımı satıb münasib ev almaq niyyətindəydim.

Günlərin bir günü Həzrət mənə dedi ki, Maya adlı bir xanım tanışı var və onun sayəsində həm özü, həm qohumları, həm də tanıdığı insanlar münasib qiymətə ev alıb. Dedi, pulun da azdır, gəl səni onunla tanış edim, bir ev al. Həzrət Maya ilə danışandan sonra mənə zəng etdi ki, Yasamal Rayonu Mida binalarında 73 kv m. sahəsi olan iki otaqlı ev var, istəyirsənsə gedək baxaq. Keçən ilin avqust ayında Həzrətlə evə baxmaq üçün getdik, bizi Maya qarşıladı, sonra evi göstərdi. Dedi ki, bu evə 17 000 manat ilkin ödəniş verib və əlavə etdi: "Mənə də o qədər pul ver, evi sənin adına keçirim, sonra aybaay 317 manat dövlətə ödəyərsən".

Ailəmlə, həyat yoldaşımla məsləhətləşməli olduğumu deyib evə qayıtdım. Həmin həftənin bazar günü yoldaşımla evə baxmaq üçün bir də getdik. Onda Mayaya bildirdim ki, əlimdə 17 000 manat yoxdur, ancaq evimi, maşınımı satandan sonra o pulu düzəldə bilərəm. Axşam Həzrət zəng elədi və dedi: "Maya deyir 6 mini öncədən versin qalanını gözləyərəm". Mən 6 min manatımın da olmadığını dedim, uzun sözün qısası onlar məbləği öncə 5 min, ən sonda 4 min manata endirdilər. Qalan pulu isə 20 gün ərzində verməliydim. Beləcə sentyabrın 1-də 4 min manatı Mayanın kart hesabına göndərdim, amma səhəri gün Maya məndən qalan pulu birinci günə kimi gətirməyimi tələb etdi. Əks halda evi başqasına satacağını dedi. Üstəlik dedi ki, pulun qalanını verməsəm, verdiyim 4 000 də batacaq.

Beləcə Sabunçuda yaşadığım evi dəyər-dəyməzinə 12 minə satıb, sentyabrın 4-də 43 saylı notariatda Maya ilə görüşdük. Mən ona puldan qalan 12 min manatı, o isə öz növbəsində mənə evin etibarnaməsini verməli idi. Məndən tələb olunan 12 min manatı notariusla Mayaya verdim. O mənə dedi ki, sabah banka gedib evin kredit müqaviləsini adıma keçirəcək. Təbii ki, sonradan bildim, bütün bunlar yalan imiş. Biz banka da getmədik, evin sənədləri də mənə təqdim olunmadı. Mənə “arxayın ol” deyə-deyə sentyabrın 18-i zəng elədi ki, yerdə qalan 1500 manatımı da ver, ancaq ondan sonra səni evə köçürəcəm. Maşınımı 9 min manata satıb, Mayanın kartına 1000 manatı göndərib, yerdə qalan 500 manatı isə evə köçən gün verəcəyimi dedim. Sentyabrın 19-da axşamüstü Maya məni Mida 2, bina 13, blok 38, mənzil 43 ünvanında yerləşən evə köçürdü”.

“Həzrətin mənə dedikləri də yalan imiş, hətta əlbir imişlər”

Bu proseslər baş verəndə Həzrət Qələndərli harda idi? sualımıza cavab olaraq Şəmşad bəy bunları dedi:

“Həzrət mənə demişdi ki, Mayadan 20 min manata ev alıb. Mən Mayaya 17 min 500 manatı verəndən sonra Həzrət fikrini dəyişdiyini, daha ev almayacağını, Mayadan pulunu alıb, oyundan çıxacağını bildirdi. Mən belə fikirləşirəm ki, Həzrətin də bu işdə əli var. Çünki sonra məlum oldu ki, Həzrət Mayaya 20 min yox, 16 min pul verib və pulunu ala bilmədiyinə görə məni bu oyunun içinə salıb. Həzrət Nəsimi Rayon Polis İdarəsinə bibisioğlu dediyi adama – Valehə müraciət etdi, Mayanı tutub bölməyə gətirdilər. Və Mayadan Həzrətin pulunu aldılar. Sonra bildim ki, Valeh Həzrətin bibisioğlu yox, həyat yoldaşının qardaşı imiş. Göründüyü kimi Həzrətin mənə dedikləri də yalan imiş. Maya Həzrətin pulunu verdiyi gün məni evə köçürdü. Evin sənədini isə 1 həftəyə mənə verəcəyinə söz verdi, amma yenə də vədini yerinə yetirmədi. Mənə satış məqsədilə verdiyi evi başqa şəxsdən kirayəyə götürdüyü faktını aşkarlayanda verdiyim məbləği - 17 500 manatı Mayadan geri almaq istədim. 14.03.2024-cü ildə 29-cu Polis bölməsinə ərizə yazaraq şikayətimi bildirdim və 27 martda Maya Mustafayeva tutularaq polis bölməsinə gətirildi. Dilindən iltizam alındı ki, məndən aldığı 17 500 manatı 10 gün ərzində geri qaytaracaq. Orda Maya evin sahibinin kim olduğunu da deyib, amma polis mənə bu barədə heç bir məlumat vermədi. Hətta polis bölməsində Mayanın dilindən iltizam alındığı gündən 50 gün keçməsinə baxmayaraq heç bir nəticə yoxdur. Hazırda Maya ilə də əlaqə saxlaya bilmirəm, çünki nömrəsini dəyişib.

Bütün bu işdə Maya ilə əlbir olan bir nəfər də var - Elxan Quliyev. O, əvvəlcə özünü jek müdiri kimi təqdim etmişdi, amma sonra məlum oldu ki, usta imiş. Mən evə köçəndə Elxan da ordaydı, hətta məni ev almağım münasibəti ilə təbrik edib, məndən 50 manat da şirinlik almışdı.

Aprelin 15-də Elxan bizə gəlib dedi ki, kirayə pulunu ödəmədiyimə görə evdən çıxmalıyıq. Halbuki 9 ay müddətində o evə ən azı 3 min xərc çəkdim, o bir dəfə də olsun gəlib mənə demədi ki, sən burda kirayədə qalırsan. Mən Elxana dedim ki, Maya 17 500 manatımı verməmiş evdən çıxmayacam. Elxanın Maya ilə danışdığını bilirəm. Çox sonra bildim ki, Mayanın MİDA binalarında bu minvalla aldatdığı insanların sayı çoxdur".

“Məni intihar həddinə çatdırdılar”

“Başıma açılan bu oyun, Mayanın pulu qaytarmaqla bağlı verdiyi sözlərin, vədlərin puça çıxması, daha sonra məni şərləyib polisə şikayət edəcəyini deməsi məni həyatdan bezdirdi, intihara sürüklədi. Aprelin 20-də axşam saatlarında evdə sirkə içib özümdən getmişəm. Yoldaşım xəbər tutanda təcili yardıma zəng edib, məni xəstəxanaya aparıblar. Bununla bağlı xəstəxana, eləcə də 28-ci Polis bölməsindən də gəlib qeydiyyat apardılar.

Aprelin 27-si Elxan ev sahibi olan Əliyev Gülrza Akif oğlu ilə bərabər evə gəldi. Özünü Prezident Aparatının işçisi kimi təqdim edən Əliyev Gülrzanı mən orda yaşadığımdan bəri ilk dəfəydi görürdüm. Gülrza bildirdi ki, ev mənimdir və mən onu Mustafayeva Maya Rövşən qızına kirayə vermişəm. Bir illik də aralarında kirayə müqaviləsi var, onu da mənə göstərdi. Halbuki, "Güzəştli mənzil" layihəsi ilə ev alanlar şərtə görə üç il müddətinə həmin mənzili sata, icarəyə verə bilməzlər. Prezidentin qol çəkdiyi sərəncamın tələblərini heçə sayan adam hansı əsasla evini kirayə verir? Maya Gülrza ilə 450 manatdan bir illik kirayə müqaviləsi bağlayıb. Fikirləşirəm ki, Maya məndən aldığı puldan 5400 manatını bir illik müqabilində Gülrza Əliyevə verib. İndi həmin şəxs - Əliyev Gülrza evdən çıxmağım üçün mənə iyun 1-nə kimi vaxt verib. Deyir ya bu evdən öz xoşunla çıx, ya da mən səni güclə də olsa çıxaracam. Qaynanam şəhid bacısıdır, hazırda bizimlə qalır. İki azyaşlı uşağımla birgə ilin günün bu vaxtında məni aldadıb yerləşdirdikləri evdən çölə atmaq istəyirlər, soruşmaq istəyirəm bu hansı vicdana sığır? Daxili İşlər Nazirliyinə müraciət etmişəm, ümid edirəm tezliklə nazirlə görüşməyim üçün şərait yaradacaqlar”.

Ev sahibi Gülrza Əliyevlə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verən olmadı.

"Həmin evdə kirayənişin olduğunu ona demişəm"

Elxan Quliyev isə bizə söhbətində usta olduğunu təsdiqlədi. O Maya Mustafayevanın Şəmşad Mikayılovun 17 500 manatını mənimsədiyindən aprel ayının sonlarında xəbər tutduğunu bildirib.

“Şəmşad Mikayılovu ilk dəfə evə köçəndə gördüm. Ev yiyəsinin xahişi ilə ora getdim, çünki qazı yoxlayıb evi Mayaya təhvil verməliydim. Maya dedi ki, Şəmşad mənim dayımoğludur, dedi bir qohumum da 16-cı binada qalır. Şəmşad bəy ora köçəndən bir az sonra mən ona həmin evdə kirayənişin olduğunu demişəm. Evə şkaf yığdıranda, kondisioner quraşdıranda ona bundan ev yiyəsinin xəbəri olub-olmadığını soruşmuşam.

Son günlərdə ev sahibi mənə zəng vurub dedi ki, kirayə pulunu ödəmir, mən də evlərinə gedib bunu onlara bildirdim. Bir dəfə də ev yiyəsi ilə birgə getmişdim.

Nə ev yiyəsinin, nə də mənim Mayanın bu evi Şəmşada "satmasından" uzun müddət xəbərimiz olub, məsələnin iç üzünü təxmini aprelin sonlarında bilmişik”.

“Bu istiqamətdə araşdırma davam etdirilir”

Belə bir dələduzluq faktının olduğu təqdirdə Yasamal Rayon 29-cu Polis Bölməsində təhqiqat aparılsa da cinayət işinin başlamamasının səbəbini araşdırmaq üçün Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə yaratdıq. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev saytımıza açıqlamasında bildirib ki, polis əməkdaşları tərəfindən bu istiqamətdə araşdırma davam etdirilir. “Yaxın günlərdə nəticəsi barədə məlumat veriləcək”.

Prezidentin şəhid, məcburi köçkün, aztəminatlı ailələr üçün nəzərdə tutduğu “Sosial evlər” layihəsi vasitəsilə mənzil sahibi olan şəxs həmin evi üç il müddətinə satışa çıxara bilməz. Bir çox hallarda ev elanlarında sosial mənzillərin 3 ili tamam olmamasına baxmayaraq satışa çıxarılma və kirayəyə verilmə hallarına rast gəlirik. Elanla yanaşı müəyyən şəxslər, yaxud qruplar MİDA binaları vasitəsilə dələduzluq edirlər. Elə bizə müraciət edən Şəmşad Mikayılov belə dələduzluğun yeganə qurbanı deyil. Bu kimi hallara qarşı MİDA-nın mövqeyini öyrənmək, satılan mənzillərə sonradan nəzarət edib-etmədiyini aydınlaşdırmaq üçün agentliyə sorğu ünvanlamışıq.

MİDA-nın mətbuat katibi Diana Dadaşova yaxın zamanda sorğumuza cavab veriləcəyini bildirib.


Müəllif: Nərmin Muradova