17 May 09:23
6 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

ReAL Partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Sərhədin demarkasiyası uğurla başladı, artıq Qazax-Tavuş istiqamətində xətlər müəyyən edilib, dirəklər basdırılıb. Proses problemsiz davam edəcəkmi?

- Hələ də bu prosesə maneə olmaq istəyən qüvvələr var. Ermənistanda “keşiş hərəkatı” vasitəsilə bu prosesə əngəl yaratmağa çalışırlar. Çünki Azərbaycan və Ermənistanın vasitəçi olmadan, birbaşa anlaşması bir çox mərkəzləri, xüsusən də Rusiyanı narahat edir. Çünki Rusiya heç olmasa, bu məsələdə əsas moderator olmaq istəyirdi. Amma Azərbaycanla Ermənistanın birbaşa görüşlərində daha ciddi nəticələr əldə edildi. Dediyim kimi, bu da bəzi mərkəzlər və Rusiyanı narahat etdiyinə görə, müəyyən əngəllər yaratmağa çalışacaqlar. Hətta “Vətən naminə Tavuş” Hərəkatı ilə buna cəhd etdilər. Hərəkatın əvvəlcə geniş vüsət alması, sonra səngiməsi göstərdi ki, Ermənistan cəmiyyətində bu məsələlərə münasibət dəyişib. Nəticədə “Keşiş hərəkatı”na geniş ictimai-siyasi dəstək olmadı.

Bir sözlə, prosesə pozitiv yanaşmaq lazımdır. Bütün maneələrə baxmayaraq, prinsiplərlə bağlı razılaşma əldə edilib. İndi Tavuş-Qazax istiqamətində sərhəd xətlərini müəyyən edən prinsiplərin bütün Azərbaycan-Ermənistan sərhədinin delimitasiya-demarkasiyasına şamil edilməsi gözlənilir. Hesab edirəm ki, bu yanaşma və prinsiplər davam etdirilsə, proses bütün sərhəd boyu sürətlə gedə bilər. Amma mümkündür ki, delimitasiya prosesi zaman alsın, çünki ən kiçik problem və ya mübahisələr belə danışıqlar tələb edir. Əsas odur ki, prinsiplər razılaşdırılıb və proses başlayıb, qalan məsələlər də danışıqlarla çözüləcək.

- Anklavlar məsələsi də var, sərhəd komissiyalarının növbəti iclaslarında bu problemin həllinin tapacağı barədə açıqlama verilib. Məsələ necə çözüləcək?

- Mənə elə gəlir ki, bununla bağlı ümumi prinsip var, sadəcə elan olunmur. Çünki məsələ həssasdır. Çox güman ki, ümumi prinsip var və danışıqlar zamanı müxtəlif formullarla bağlı müzakirələr aparılır. Qənaətimə görə, proses tam sonlandıqdan sonra bu, ərazi mübadiləsi formasında həll edilə bilər. Anklavlar məsələsi vaxtilə SSRİ rəhbərliyinin Azərbaycan və Ermənistanda yerləşdirdiyi “minalar”dır. Bu, təkcə Azərbaycan və Ermənistanla bağlı deyil, Orta Asiyaya baxsanız, dəhşətli mənzərə görəcəksiniz. Bölgənin bütün ölkələrinin ərazisində qonşularının torpaqları var. Bu, SSRİ-nin siyasətinin nəticəsidir, bu, Azərbaycan və Ermənistana qarşı da tətbiq olunmuşdu.

Azərbaycan və Ermənistan bu problemi həll etmək üçün də tarixi fürsəti yaranıb. Hesab edirəm ki, bu, ən sonda müzakirə olunacaq. Bu çərçivədə ərazi mübadiləsi mümkündür, ayrı-ayrı ölkələrin tarixlərində belə təcrübələr var. Bu da həm Azərbaycan, həm də Ermənistanda referendum tələb edəcək. Ən sonda referendumla bağlı da qərar verilə bilər.

- Qarşıdakı günlərdə Qazax-Tavuş istiqamətində sərhəddə sərhəd qoşunlarının yerəşdiriləcəyi deyilir. Belə bir addım sərhəddə mümkün təxribatlar və atəşkəsin pozulması hallarının qarşısını alacaqmı?

- Ən azı məsuliyyət məsələsini həll edəcək. Çünki Ermənistan tərəfindən təxribatlar olurdu, Azərbaycan buna cavab vermək məcburiyyətində qalırdı. Erməni tərəfi rəsmi bəyan etməsə də, məlumatlar sızdırılırdı ki, orda ruslar dayanıb, nə baş verdiklərini bilmirlər, orada hansısa “könüllü qruplaşmalar” da var və sair. Buna görə də, düşünürəm ki, bu addım məsuliyyətin daha da artırılmasına səbəb olacaq. Bu, ən azı “təxribatların ruslar tərəfindən törədildiyi bəhanəsi”ni ermənilərin əllərindən alacaq. Bu da atəşkəsin daimi və qalıcı olması üçün əsaslar yaradır.

- Rusiya niyə Ermənistanın Azərbaycanla sərhəd bölgələrindəki qüvvələrini çıxarmaq qərarına gəldi?

- Zatən, sərhəddə rəsmi müqavilələr olmadan yerləşdirilmişdilər. İrəvan və Moskva arasındakı hərbi müqavilələr Gümrüdəki baza, eləcə də Türkiyə və İran sərhədləri ilə bağlıdır. Rusiya sərhədçiləri Azərbaycanla sərhəd bölgələrində 2021-ci ildə şifahi razılaşma əsasında yerləşdirilmişdi, yəni belə bir sənəd yoxdur ki, buna əsaslanıb qalsınlar.

- Baş nazir Nikol Paşinyan sülh müqaviləsinin imzalanmasının vaxtının gəldiyini deyir. Prezident İlham Əliyev ondan əvvəl söyləmişdi ki, noyabra qədər imzalana bilər.

- Azərbaycan və Ermənistan heç vaxt olmadığı qədər sülh müqaviləsini imzalamağa yaxındır. Sazişin imzalanması üçün kifayət qədər münbit şərait yaranıb. Hər iki tərəfin noyabrı işarə etməsi ondan xəbər verir ki, o vaxta qədər prosesi yekunlaşdırmaq istəyirlər. Noyabrda Azərbaycanda BMT-nin böyük iqlim konfransı (COP29) keçiriləcək. Hətta bir sürpriz də ola bilər, Paşinyanın Bakıya dəvət edilməsi və onun bu dəvəti qəbul edib gəlməsi də mümkündür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər