17 May 09:05
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında Qazax istiqamətində sərhədlərin dəqiqləşdirilməsi istiqamətində əldə edilən razılaşma müsbət xarakterə malikdir. Bu, delimitasiya və demarkasiya məsələsində irəliyə atılmış növbəti addımdır. Sözsüz ki, bu istiqamətdə olan proseslər sərhədlərin tam dəqiqləşməsinə qədər davam etdirilməlidir.

Bunu Teleqraf.com-a sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Keçmiş nazir 1979-cu il xəritələri əsasında aparılan delimitasiyaya da münasibət bildirib:

“Burada hansısa dövrün xəritəsi əsas kimi götürülə bilər. 1979-cu il keçmiş sovet dövründə ölkələrin administrativ sərhədləri müəyyənləşdirilib. Azərbaycan və Ermənistan tərəfi keçmiş SSRİ dövrünə aid administrativ sərhədlərlə bağlı ümumi razılığa gəliblərsə, bu zaman hansısa xəritə lazım olacaq”.

Sabiq diplomat hesab edir ki, 1979-cu ildən SSRİ dağılana qədər olan dövrə qədər mövcud olmuş xəritələr də masaya qoyulmalıdır:

“Beləliklə, sərhədlərin hansı istiqamətində dəyişikliklərin olduğunu müyyənləşdirmək olar. Geodeziya xəritələrinə də mütləq şəkildə diqqət edib, orada müəyyən istinadlara baxılmalıdır”.

Elmar Məmmədyarova görə, sərhədlərin dəqiqləşməsi heç də sadə məsələ deyil və burada metrə-metrə, qarış-qarış dəqiqləşmələr aparılmalıdır:

“Almatı razılaşması da masada olan sənədlər sırasındadır. Amma bu ilin 19 aprelində əldə edilən razılaşmada digər prinsiplərin də tətbiqi qeyd edilib. Bu da o deməkdir ki, sərhədlər tək Almatı prinsipləri ilə deyil, ayrı-ayrı dövrlərdə olan reallıqlara uyğun tərtib ediləcək”.


Müəllif: Tapdıq Qurbanlı