17 May 11:09
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin Çinə ikigünlük rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirmək məqsədi daşıyıb. Çin lideri Si Cinpin aylar öncəsi Putini ölkəsinə dəvət etmişdi. Putin səfərlərini prezident seçkisindən sonraya saxlamışdı.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Putinin seçkidən sonra iki səfər seçimi vardı:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Putini Cinpinin dəvətindən əvvəl Ankaraya dəvət etmişdi. Putin Çini seçdi. Prezident seçilən Putin andiçmə mərasimindən 10 gün sonra məhz Çinə səfər etməyə qərar verdi. Putinlə Cinpin arasında təkbətək görüş 2.5 saat çəkib. Sonra müzakirələr geniş nümayəndə heyətlərinin iştirakı ilə davam edib. Səfər əlamətdar tarixə düşüb - SSRİ-nin varisi sayılan Rusiya ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyinə. Bununla bağlı iki ölkə liderinin qəbul etdiyi sənəd 30 səhifədən ibarətdir. Sənəddə iki ölkənin dünyada “ədalətli və demokratik mühitin yaradılması” üçün birgə çalışacaqları da vurğulanıb.

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi, Çinin isə qonşuları ilə münasibətlərindəki gərginliyi və daxildəki insan hüquqları ilə bağlı problemlərini nəzərə alaraq, Moskva ilə Pekinin dünyada necə “ədalətli və demokratik mühit” yaradacağı suallar doğurur. Cinpin Putinlə görüşdə iki ölkə arasındakı əməkdaşlığın başqa dövlətlərə qarşı yönəlmədiyini vurğulasa da, ABŞ və Avropa İttifaqı bu birliyin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini davam etdirməsinə zəmin yaratdığı qənaətindədir. Çünki Rusiya Avropaya sata və ala bilmədiyini Çinə satır və ondan alır. Çin ticarət-iqtisadi sahədə Rusiyanın əsas tərəfdaşıdır. 2023-cü ildə ikitərəfli ticarət dövriyyəsi 227 milyard dollara çatıb. Bu, Rusiyanı Qərbin sanksiyalarından qoruyur”.

Təhlildə bildirilir ki, Putin Çinə səfərini Qərblə mübarizədə növbəti mərhələ hesab edir:

“Təsadüfi deyil ki, səfərdən bir neçə gün əvvəl Çinin “Sinxua” agentliyinə müsahibə verən Putin Rusiyanın Çinlə birgə ABŞ-ın hegemoniyasını zəiflətməyə çalışacaqlarını söyləmişdi. Putin qeyd edib ki, Qərb müxtəlif dövlət və xalqlara necə yaşamaq barədə mühazirə oxumamalıdır: “Rusiya və tərəfdaşlarımız bu vəziyyətlə barışmayacaq”.

Kreml sahibi misal olaraq Rusiyanın Çinlə birgə formalaşdırdığı müxtəlif regional təşkilatları göstərib. Putin Ukrayna müharibəsinin dayandırılmasıyla bağlı Pekinin irəli sürdüyü 12 maddəlik sülh planını dəstəklədiyini də bildirib. Əslində “sülh planı” adlandırılan həmin təkliflər Rusiyanın Ukrayna ərazilərinin işğalının rəsmiləşdirilməsini nəzərdə tutur. Çünki “sülh planı”nda Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsi barədə bənd yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər