17 May 09:59
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni tədim edirik:

- Azərbaycanla Ermənistan arasında Qazax rayonu istiqamətində sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı razılaşma protokolu imzalanıb. Sizcə, sərhədlərin digər hissələrinə dair hansı prinsiplər tətbiq oluna bilər?

- Sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı iki ölkə arasında əldə edilən ilkin razılaşma uğurlu başlanğıcdır. Prosesin bu müstəvidə də davam etməsi gözlənilir. Sözsüz ki, sərhədlərin digər istiqamətlərində, xüsusən də Zəngəzur bölgəsində delimitasiyanın aparılmasında müəyyən problemlər ola bilər. Bu istiqamətdə tərəflərin fikirlərinin üst-üstə düşməməsi halının olması da mümkündür. Burada Azərbaycanın mövqeyi və tarixi reallıqlar nəzərə alınmalıdır. Bütün bunların müqabilində isə başlanmış olan proses dayanmamalıdır. Məsələdə müəyyən fasilə yarandıqda sonra başqa problemlər ortaya çıxır. Ona görə də, sona qədər bu prosesi aparmaq lazımdır.

- Sizcə, erməni tərəfi Azərbaycanla sərhədlərin nəhayət uzun on illiklərdən sonra dəqiqləşməsi prosesinə sona qədər səmimi yanaşacaqmı?

- Nikol Paşinyan komandası hazırda Azərbaycanın yaratdığı reallıqlar fonunda danışıqlara konstruktiv münasibət sərgiləməyə çalışır. Bu halda tərəflər arasında sülh müqaviləsinin imzalanması ehtimalı daha böyükdür.

- Qısa bir sərhəd dəqiqləşməsinin aparılması üçün üç mühüm dövrə aid sənədlərə, xəritələrə istinad edildi. Söhbət 1991-ci ilin Almatı razılaşmasından, 1976 və 1979-cu ilin topoqrafik xəritələrindən gedir. Belə olan halda sərhədin digər hissələri ilə bağlı istinad ediləcək əsas prinsiplər necə tətbiq olunacaq?

- Sərhədlərin dəqiqləşməsində istinad edilən xəritələr topoqrafik, yəni hərbi xəritələrdir. Bu xəritələrdə də hər bir məsələnin daha dəqiq təsvir edildiyi bildirilir. Məhz bu prinsiplərlə Zəngəzur istiqamətində fərqli xəritələrdən istifadə edilə bilər. Daha uzaq onilliklərə əsaslanan xəritələrə də nəzər salıb bunu 1978-79-cu illərin xəritələri ilə müqayisə etmək olar. Bunun nəticəsində ortaq məxrəcə gəlmək mümküdür. Bu gün bir çoxları əsassız olaraq hansısa ölçüdə torpağın o tərəf, bu tərəfə aid olduğunu iddia edir. Ona görə də, reallıqları nəzərə almaq lazımdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə hansı reallıqların formalaşdığına diqqət olunmalıdır.

- Anklavlarla bağlı mümkün həll variantları hansılardır? Ərazi mübadiləsi və digər amillərin də bu məsələdə əsas götürüləcəyi iddia edilir...

- Azərbaycanla Ermənistan münasibətlərinin formalaşması, sərhəd məsələsində razılığa gəlinməsi və yekunda sülh müqaviləsinin imzalanması ölkəmizin növbəti tarixi qələbəsi olacaq. Sözsüz ki, sərhədlərin dəqiqləşməsi məsələsi fonunda anklav kəndlərin taleyi də gündəmdədir. Bunun sonrakı proseslərin gedişində həll olunacağına dair ümidlər var. Sadəcə olaraq burada əsas məqam erməni tərəfinin yanaşmasıdır. Çünki qarşımızdakı toplumun təxəyyülü, təsəvvürü, xarici aləmi qavraması qüsurludur. Onlar reallıqlarla deyil, xəyallarla yaşayır. Kilsənin və keşişlərin yönləndirməsi ilə erməni cəmiyyətində yanlış təsəvvürlər formalaşıb. Ona görə də, erməni tərəfi baş verən reallıqları düzgün qavrasa,digər məsələləri də həll etmək olar.

- Delimitasiya və qarşılıqlı dialoq müstəvisində nəhayət sülh müqaviləsinin imzalanması üçün yaxın dövrdə tərəflərin ortaq məxrəcə gəlməsi mümkündürmü?

- Erməni cəmiyyəti uydurduqları Ermənistan xəyallarından imtina edib bugünkü reallıqlarla yaşamağa başlasa, bu, onların bölgədə sülh və təhlükəsiz şəraitdə yaşamasına əsas şərt olacaq. Məhz bunun müqabilində bölgədə daimi sülhün əldə olunması mümkündür. Eyni zamanda kənardan təsirlər və yaxud maneələr olmasa, iki xalq dil tapıb sülhə daha tez nail ola bilər. Ehtimal edilir ki, bu amillər təmin edilsə, 2024-cü ilin sonlarına qədər sülh müqaviləsinin imzalanması mümkün olacaq. Beləliklə də sərhədlərin delimitasiyayası məsələsində də konsensus yaranacaq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər