Makedoniyada fəaliyyət göstərən Türk Hərəkatı Partiyasının rəhbərliyində dəyişiklik baş verib.
Teleqraf.com xəbər verir ki, noyabrın 19-da partiya özünün yeni qurultayını keçirməyə hazırlaşır.
Qurultayda uzun illər partiyaya rəhbərlik edən, müxtəlif dövlərlərdə Makedoniya hökumətlərində nazir, nazir müavini, deputat kimi çalışan professor Adnan Kahil namizədliyini irəli sürməyəcək.
Partiyanın üzvü, Makedoniya türklərinin hüquqlarını qoruyan və hazırda parlamentdə təmsil olunan hüquqşünas Enis İbrahim qurultayda sədrliyə namizədliyini irəli sürəcəyini bəyan edib.
Enis İbrahim bəyan edib ki, uzun illər partiyaya rəhbərlik edən professor Adnan Kahil siyasətdə gənclərə yol açmaq məqsədilə namizədliyini irəli sürməyəcək:
“Adnan Kahilin namizəd olmayacağı təqdirdə namizədliyimi irəli sürəcəyimi elan edirəm. İddia etdiyim bu müqəddəs vəzifədə məni tək qoymayacağınıza ümid edirəm. Makedoniyada türklərin hüquqlarını qoruyacağıma hər biriniz əmin ola bilərsiniz. Qarşıdurmaları, firqə maraqlarını, əsəblərimizi bir daha ortaya çıxarmadan torpaqda dəfn etməyimiz lazımdır. Qıvraq siyasət yerinə ikiəlli siyasətimizi davam etdirəcəyik”.
Qeyd edək ki, Makedoniyada 100 minə yaxın türk yaşayır. Hazırda Makedoniya türkləri iki siyasi partiyada təşkilatlanıblar. Türk Hərəkatı Partiyası Makedoniya hökumətinin koalisiya tərəfdaşıdır.