13 İyul 2022 14:10
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin iyul döyüşlərindən əvvəl də Ermənistan tərəfi təmas xəttində təxribatlara əl atırdı. Prezident İlham Əliyev iyul döyüşlərindən və Vətən müharibəsindən öncə BMT tribunasından Ermənistanın müharibəyə hazırlaşması ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmışdı. Ölkə başçısının bu açıqlamasından sonra Ermənistan belə bir təxribata əl atdı. Bu o deməkdir ki, Ermənistan millitarist planlarından, Azərbaycana qarşı ərazi iddialarından əl çəkmirdi. Erməni tərəfi hər vəchlə Azərbaycanı yeni müharibəyə təhrik edirdi. İyul döyüşləri də Ermənistanın məhz bu cür təxribatlarından biri idi.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Komitə sədrinə görə, iyul döyüşlərində Tovuz istiqamətində Azərbaycana qarşı təxribata əl atan düşmən layiq olduğu cavabı aldı:

“Düşmən təxribatının qarşısını alarkən biri general olmaqla 12 nəfər hərbi qulluqçumuz qəhrəmanlıqla şəhid oldu. Amma bütün bunlara baxmayaraq Azərbaycan həmin istiqamətdə Ermənistan ərazinə daxil olmaq imkanları olsa da, bunu etmədi. Çünki Azərbaycanın Ermənistan ərazisində heç bir hədəfinin olmadığını dövlət başçısı da dəfələrlə açıqlayıb. Azərbaycan səbr, dözüm, beynəlxalq hüquqa olan münasibətini nümayiş etdirdi. Dövlətimiz bütün vasitələrlə qarşı tərəfə izah etməyə çalışdı ki, bu cür təxribatların heç bir perspektivi yoxdur”.

Millət vəkili hesab edir ki, uzun müddət Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanın ağlının başına gəlməsi üçün Dəmir Yumruq zərbəsi vacib idi:

“Bu Dəmir Yumruq da 44 günlük müharibədə özünü göstərdi. Əslində iyul döyüşlərindən öncə baş vermiş 2016-cı ilin aprel döyüşlərində Ermənistan bunu başa düşməli idi. Amma qarşı tərəf nə bundan, nə iyul döyüşlərindən nəticə çıxarmadı. Əksinə düşmən tərəfi 2020-ci ilin avqustunda Goranboy istiqamətində növbəti təxribata əl atdı. Bütün bunlar II Qarabağ müharibəsinin başlamasına gətirib çıxardı. Müharibədə isə Ermənistan törətdiyi bütün təxribatalara layiqli cavab aldı. Ordusu tamamilə darmadağın olan Ermənistan bu günə qədər etdiyi bütün cinayətlərə görə döyüş meydanında cəzalandırıldı”.

Ziyafət Əsgərov əlavə edib ki, II Qarabağ müharibəsindən sonra da Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu daha da güclənib:

“Ölkə başçısı çıxışlarının birində vurğulayıb ki, biz elə bir vəziyyət yaratmışıq ki, erməni əsgəri gözünün ucu ilə də Azərbaycan ərazisinə baxa bilməyəcək”.


Müəllif: Tapdıq Qurbanlı