17 Oktyabr 2023 16:36
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Füzuli rayonunun işğaldan azad olunmasının üçüncü ildönümünü qeyd edirik. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb etmişdir. Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat açıqlamasında Füzuli rayonunun təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalmasına diqqət çəkərək bildirib ki, Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Qələbə ilə bitən bu hərbi əməliyyatlara Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin əmri ilə başlanmışdır. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayır. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.

Eyni zamanda Tamam Cəfərova qeyd edib ki, Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Buna baxmayaraq, Azərbaycan ordusunun yüksək döyüş hazırlığı və şücaəti sayəsində qısa müddətdə Füzuli rayonu düşmın işğalından azad olundu. Tarixi torpaqlarımızın və eləcə də çoxsaylı mədəniyyət abidələrimizin düşmən işğalından azad olunması hər bir azərbaycanlının qəlbində sonsuz sevinc və fərəh hissi oyatdı.

Ölkə Başçısının Füzuli rayonuna səfərlərini xüsusilə diqqətə çatdıran millət vəkili Tamam Cəfərova qeyd edib ki, işğaldan azad olunan Füzuli rayonuna cənab Prezident müxtəlif vaxtlarda 14 dəfə səfər etmişdir. Böyük fəxarət hissi ilə deyə bilərik ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan bütün rayonlarda olduğu kimi Füzuli raynunda da bərpa və quruculuq işləri sürətlə və planlı şəkildə davam etdirilir. Cənab Prezidentin bütün səfərlərində mühüm infrastruktur obyektlərinin təməqoyma mərasimləri olmuşdur. Xüsusilə qeyd etməliyik ki, cəmi 8 ayda inşa olunmuş “Qarabağın hava qapısı” olan Füzuli Beynəlxalq Hava Limanı həyata keçirilən bərpa-quruculuq işlərinin masştabını əyani şəkildə göstərir. Füzuli rayonunda həyata keçirilən mühüm quruculuq işləri fonunda Azərbaycan və Özbəkistan, eləcə də Qazaxıstan dövlətləri arasında dostluq rəmzi olan Mirzə Uluqbəy adına olan məktəbi və Kurmanqazı adına Uşaq Yaradıcılıq mərkəzini xüsusilə qeyd etməliyik. Hər iki müəssisə dost və qardaş dövlətlərin başçılarının təşəbbüsü ilə inşa olunmuşdur.Bu isə şübhəsiz ki, dövlətlərimiz və xalqlarımız arasında tarixdən gələn dostluğun, qardaşlığın rəmzidir.

Onu da qeyd edək ki, işağaldan azad olunmuş Füzuli rayonuna qısa zamanda qayıdış başlamış, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdışın sevincini yaşamışdır. Əlbəttə, keçmiş məcburi köçkünlərin vətən həsrətinə son qoyulması Azərbaycan xalqının qəlbində sonsuz senvinc və fəxarət hissi oyadır. Xalqımız öz ata-baba yurdlarına qayıdan həmvətənlərimizlə onların sevincini bölüşərək, milli birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirir.

Füzuli rayonunun işğaldan azad olunması ilə növbəti dəfə Vətən həsrətinə son qoyulduğunu deyən millət vəkili qeyd edib ki, 17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. İnsanlar öz doğma torpaqlarına qayıdacaqlar. İşğaldan azad olunmuş torpaqlarımızı yenidən görə bilməyən həyatdan getmiş on minlərlə qaçqın və köçkünlərimizin ruhu da şad və rahat olacaqdır. Millət vəkili Tamam Cəfərova belə deyib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər