31 Oktyabr 2023 09:17
1 965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Dünyada vəziyyət kifayət qədər gərgindir. Şərqi Avropa, Uzaq Şərq, Yaxın Şərqdəki durum təhlükəli gəlişmələrə yola aça biləcək nöqtələrə gəlib çatıb. Sizcə, niyə dünyada sabitlik birdən-birə bu həddə pozuldu, nə baş verir?

- Bəziləri baş verənləri dünya müharibəsi və ya bunun başlanğıcı kimi təqdim edirlər. Məncə, bu prosesə təkan verən Rusiya-Ukrayna müharibəsi oldu. HƏMAS-İsrail savaşının başlaması vəziyyəti xeyli gərginləşdirdi. İndi bəziləri deyirlər ki, müsəlmanları qırırlar, mən əksini düşünürəm, müsəlmanlar (fələstinlilər – red.) düzgün mübarizə metodu seçsəydilər, kimsə onlara nəsə deməzdi. Əlbəttə, prosesləri körükləyən qüvvələr var. Ukraynada gərginliyi körükləyən Rusiyadır, Yaxın Şərqdə isə İrandır, bəzi hallarda yenə də Rusiyadır. Hətta bəzi hallarda Çinin də proseslərə təsir etdiyini söyləmək mümkündür.

Dünya miqyasında supergüclərin böyük rəqabəti gedir. Onlar bu gərginliklərdən istifadə edərək, öz strateji maraqlarını həyata keçirməyə çalışırlar. Onların bəzilərinin hərəkətlərində ədalət elementləri nəzərə çarpsa da, bəzilərində bunun əksi - ədalətsizlik, insanların qanına susama və xalqlara düşmənçilik amilləri görünür. Bu proseslərin miqyasının daha da böyüyəcəyini düşünmürəm. Yaxın gələcəkdə Yaxın Şərqdəki proseslər dayanacaq. Düzdür, İsrail baş verənləri, HƏMAS-ın hücumunu unutmayacaq, amma İsrail əvvəlki kimi irimiqyaslı zərbələr endirməyəcək. Çünki dünyanın əksəriyyəti İsrailə təzyiq edir, bunun da nəticəsi olmalıdır.

- Bəs bizim region?

- Hələlik burada da möhkəm, dayanıqlı sülh yaratmaq mümkün olmayıb. Avropa Birliyinin apardığı proses müəyyən bir nöqtəyə qədər uğurlu idisə, amma Fransanın müdaxiləsi ilə gedişat birbaşa Azərbaycana qarşı zidd xarakter almağa başladı. Azərbaycanın üzərinə qəbuledilməz öhdəliklər qoymaq cəhdləri göründü. Bu səbəbdən də Azərbaycan həm Qranada, həm də Brüssel görüşlərinə qatılmadı. Mümkündür ki, Brüssel prosesinin yeni mərhələsi olacaq, Avropa Birliyi bu yöndə cidd cəhdlə çalışır. Ehtimal edirəm ki, danışıqların gündəliyi formalaşdırılarkən, ədalətli davranılacaq, Azərbaycanın üzərinə hansısa qəbuledilməz öhdəlik qoymaq təkidləri olmayacaq.

Azərbaycan danışıqlara o şərtlərə gedəcək ki, onun ərazi bütövlüyünə hörmət göstəriləcək və bölgənin yenidən militaristləşdirilməsi, silahlandırılması prosesinə son qoyulacaq. Fransa, Hindistan Ermənistanı silahlandırır ki, bu da bölgənin hərbiləşdirilməsinə gətirir və yerdə gərginliyi artırır. Bütün hallarda hesab edirəm ki, digər regionlarla müqayisədə Cənubi Qafqaz sülhə çox yaxındır. Bunu Azərbaycan da, Ermənistan da istəyir. Yenidən “Dağlıq Qarabağ” adlı qondarma problem yaratmaq cəhdləri olmasa, o zaman sülhün önü açıla bilər.

- Ayrı-ayrı regionlardakı savaşlara münasibətdə ölkələr arasında kəskin qütbləşmə, münasibətlərin pozulması da diqqətdən yayınmır. Belə bir qırılma və ya adlarını çəkdiyimiz bölgələrdən hansısa birindəki kəskinləşmə Üçüncü Dünya Müharibəsinə yol aça bilərmi?

- Bu bölgələrdəki toqquşmalarda Üçüncü Dünya Müharibəsinin elementləri görünür. Rusiya-Ukrayna cəbhəsində də belə bir ehtimal var. Yaxın Şərqdəki gərginlik öz ənənəvi dairəsindən o zaman çıxa bilər ki, prosesdə İran faktoru özünü qabarıq formada göstərəcək. İran proseslərə qatılsa, ABŞ, Avropa və İsrailin ona qarşı kollektiv müdaxiləsi başlaya bilər. İndi İran birbaşa müdaxilə etməsə də, Yaxın Şərqdəki hadisələrin arxasında və ya başında onun dayandığı sübuta yetirilib. HƏMAS-da bu qədər silah-sursat, vəsait haradandır ki, İsrailə hücum etsin və qarşı tərəfin cavabına hazırlıqlı olsun?!

Dünya gərgin bir dönəmə gəlib çatıb. Pandemiya dönəmində çoxları hesab edirdi ki, koronavirusun bitməsindən sonra dünya nizamında və dövlətlərarası münasibətərdə harmoniya yaranacaq. Deyilənlərin heç biri özünü doğrultmadı. Əksinə, pandemiyadan sonra qlobal aqressiya və dövlətlərin bir-birlərinə qarşı iddiaları bir qədər də artdı. Belə bir durum dünya müharibəsi ehtimalını artırır. Dünya müharibəsi anlayışı çox təhlükəlidir. Çünki belə bir müharibə nüvə silahından istifadəyə gətirib çıxara bilər, bu isə bəşəriyyətin və Yer kürəsinin məhvi demək olardı. Məncə, dünyada hamı bunu anlayır. Buna görə də, Üçüncü Dünya Müharibəsi ehtimalının aşağı olduğunu düşünürəm. Hətta bu, baş tutmaya bilər.

- Yeni dünya düzəni necə olacaq? Sizcə, gələcək qlobal nizamın diktə edən gücü (və ya gücləri) kim ola bilər?

- Məncə, artıq birqütblü dünya düzəni erası artıq başa çatıb. “Soyuq müharibə”nin bitməsindən sonra yaranan birqütblü dünyanın başında ABŞ və müttəfiqləri (və ya NATO) dururdusa, indi Çin yeni bir qütb kimi formalaşmaqda və özünü təsdiq etməkdədir. Üçüncü qütb həvəsində olan dövlətlər də var, bura Rusiya və bəzi Avropa ölkələrini aid etmək olar. Amma onların üçüncü qütb kimi formalaşmaq ehtimalı zəifdir. Qarşımızdakı dünya ikiqütblü olacaq. Yeni düzənin arxitekturu, memarı və diktə edən gücü kimi çıxış edən ABŞ olacaq. ABŞ və NATO yeni düzənin formalaşmasında müəyyən rol oynayır. Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra yeni dünya düzəninin formalaşması daha da sürətlənəcək.

- Bəs yeni nizamda Rusiya harada dayana bilər?

- Gələcək düzəndə Rusiyanı nə supergüc, nə də regional güc kimi görə bilirəm. Rusiya müharibədən zəifləmiş formada çıxacaq, adi bir dövlət kimi varlığını sürdürəcək. Rusiyanın yenidən dirçəlməsi və regional güc kimi önə çıxması üçün 15-20 il vaxt lazımdır. Yəni Rusiyanın yeni düzənin formalaşmasına töhfəsi olmayacaq. Dediyim kimi, yeni nizamda diktə edən güclər ABŞ-NATO birliyi və Çin olacaq. Amma NATO-Çin qarşıdurmasını da hesabdan silmək olmaz. Rusiya ilə məsələ həll edildikdən sonra Qərb-Şərq qarşıdurması baş verə bilər. Şərq-Qərb toqquşması dünya üçün daha təhlükəli ehtimaldır. Qabaqcadan nəsə demək fikrinə deyiləm, amma sürətlə inkişaf edən Çinlə öz müttəfiqlərinin sayını sürətlə artıran ABŞ arasındakı gərginlik göz önündədir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər