7 Noyabr 2023 08:34
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixi Zəfər fonunda müstəqilliyinin ən parlaq dövrünü yaşayan Azərbaycan bu gün dünyanın dinamik inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması regionda yeni vəziyyət yaradıb. Ümummilli Lider Heydər Əliyevin qurduğu müstəqil, güclü Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi və praqmatik uğurlu siyasəti ilə bu gün regional və qlobal miqyasda aparıcı mövqeyə yüksəlib. Şanlı üçrəngli bayrağımız bütün azad edilmiş torpaqlarımızda olduğu kimi dünyanın ən mötəbər təşkilatlarında və tədbirlərində böyük qürurla dalğalanır.

Bunu Teleqraf.com-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycan 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tam hüquqlu varisidir: “Uzunmüddətli perspektivdə bu amil azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı üçün əsasları daha da gücləndirir. Bu mənada Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni müasir Azərbaycan Respublikasının dövlət rəmzləri kimi qəbul olunub. Həm bayraq, həm gerb, həm də himn Azərbaycan Xalq Cümhuriyyətinin mirasıdır və Azərbaycanın dövlət suverenliyini tərənnüm edir. Məhz bu kontekstdə Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilməsi mühüm tarixi reallığı özündə ehtiva edir”.

Millət vəkili bildirib ki, şanlı üçrəngli Bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü Dövlət Bayrağı olaraq təsdiq edilib: “Eyni zamanda milli dövlətçilik ənənələrinin inkişafına xidmət etmiş Ulu Öndər Heydər Əliyevin önəmli təşəbbüsü ilə daha sonra Azərbaycan Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılıb. Beləliklə də 1991-ci il fevral ayının 5-də həmin vəsatət əsasında Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında qanun qəbul edilib. Bu ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına, dövlətçiliyimizə, onun milli atributlarına olan yüksək sevgisinin təzahürü idi. Daha sonra 1991-ci il oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktı ilə də dövlət rəmzləri, o cümlədən Dövlət Bayrağı təsdiq edilib”.

Deputat dövlət rəmzlərinə o, cümlədən bayrağımıza hörmətin hər bir məsuliyyətli vətəndaşın borcu olduğunu söyləyib: “Ölkə Konstitusiyasının 75-ci maddəsində də bu məsələ öz əksini tapıb. Hər bir vətəndaşın dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməsi qanunla müəyyən edilib. Bununla yanaşı 2004-cü ildə Dövlət Bayrağının istifadəsi qaydaları müəyyənləşib. Sözsüz ki, milli həmrəylik və azərbaycançılıq məfkurəsini özündə birləşdirən Dövlət Bayrağı həmrəyliyin, vahid məfkurə ətrafında sıx birləşməyin başlıca prinsiplərini özündə birləşdirir. Bayraq milli identikliyin təzahür formalarından biri olmaqla yanaşı millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir”.

Sevinc Hüseynovaya görə, hər zaman milli atributlarına sahib çıxan, onu göz bəbəyi kimi qorumağı bacaran Azərbaycan xalqı sözsüz ki, şanlı dövlətçilik rəmzimizi ən yüksək zirvələrdə də dalğalandırmağı bacarır: “44 günlük Vətən Müharibəsində azad edilən hər bir kənddə, qəsəbədə, yüksəklikdə, şəhərdə ucaldılan üçrəngli bayrağımız milli qürur hissimizin ən uca zirvəsi hesab edilirdi. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun Vətən Müharibəsində qürurla daşıdığı uca bayrağımız bu gün ölkəmizin bütövləşmiş sərhədləri boyu dalğalanmaqdadır. Şuşada, Xankəndidə dalğalanan şanlı üçrəngli bayrağımız xalqımızın qələbə əzmini, mübarizliyini, zəfər sevincini ifadə edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər