Brüsseldə aprelin 5-də ABŞ-Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək görüşün mahiyyətini fərqli tərzdə izah etməyə çalışırlar. Ermənistan tərəfi başqa mövzuları gündəmə gətirməklə diqqəti yayındırmaq istəyir. Azərbaycanın Ermənistana hərbi müdaxilə ehtimallarından danışırlar. Bunlar məntiqsizdir və hədəfi yayındırmağa hesablanıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
“Erməni tərəfi hay-küy qaldırmaqla daha çox yardım almaq niyyətindədir. ABŞ və Avropa İttifaqından almaq niyyətində olduqları yardımlar var. Görüşdə Cənubi Qafqaz, Azərbaycanla Ermənistan arasındakı proseslərə dair məsələnin müzakirə olunmayacağı da iddia edilir”, - deyə o qeyd edib.
Millət vəkili NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenin də hazırda ermənilərə muzdlu lobbiçilik etdiyini söyləyib:
“Ermənistandakı Aİ “missiyasının” tərkibini genişləndirmək istəyirlər. “Missiyanın” 400 milyonluq xərcini Avropa Sülh Fondunun ödəyəcəyi bildirilir. Fransanın göndərdiyi radarların da pulu bu vasitə ilə ödənəcək. Ermənistanın Rusiyadan uzaqlaşması qaz-işıq və digər təminatların Avropanın energetika təhlükəsizliyi proqramına qoşulmasını gündəmə gətirib. Qida təhlükəsizliyi ilə bağlı da planları var. Brüsseldə məhz bu cür məsələlərin müzakirəsi gözlənilir”.
Rasim Musabəyov bildirib ki, Qarabağdan getmiş ermənilərə mənzil tikintisi üçün 1 milyard avro pul xərclənəcəyini iddia edirlər:
“Pulun böyük hissəsini Avropadan qoparmaq istəyirlər. Amma buna baxmayaraq Ermənistan hələ də Rusiyanın for-postudur. Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 50 faizə yüksəlib. Görünür, bu faktı necə diqqətdən qaçırıblar. Avropa Parlamentində və ABŞ-da seçkilər olacaq deyə, həmin qüvvələr erməni lobbisinin dəstəyi üçün dəridən-qabıqdan çıxır”.