24 Aprel 12:54
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat partiyasının başqanı Arif HacılıTeleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Arif bəy, Müsavat partiyasının mayın 4-də keçiriləcək qurultayına hazırlıqlar necə gedir?

- Bu gün də Təşkilat Komitəsinin toplantısı olacaq. Artıq qurultay nümayəndələrinin seçilməsi başa çatıb, namizədlərin irəli sürülməsi prosesi gedir və proses aprelin 30-dək davam edəcək. Digər təşkilati-texniki məsələlərlə bağlı da hazırlıq işləri gedir. Düşünürəm ki, qurultay ərəfəsində bizim nəzərdə tutuduğumuz bütün planlar üzrə işlərin yekunlaşdırılması mümkün olacaq.

- Hazırda kimlər başqanlığa namizədliklə bağlı iddiasını ortaya qoyub?

- Müsavat partiyasının həm başqanlığına, həm Mərkəzi Nəzarət-Təftiş Komissiyasına, həm də Məclis üzvlüyünə namizədlər irəli sürülür. Proses başa çatmadığı üçün xüsusi detalları açıqlamaq istəmirəm.

- Siyasi camiədə müzakirə olunan məsələlərdən biri İsa Qəmbərin başqanlığa qayıtması istiqamətindədir. İsa Qəmbər başqanlığa qayıtması üçün partiya üzvlərinin məlum təkliflərinə cavabını verdimi?

- Müsavat partiyasının nizamnaməsinə görə, məndən başqa hər bir üzvün öz namzidəliyini irəli sürmək hüququ var. Mən iki müddət Müsavat başqanı vəzifəsinə dalbadal seçilmişəm. Bu qurultayda öz namizədliyimi irəli sürmək səlahiyyətim yoxdur. Kimlərin bu hüquqdan istifadə etdiyi uzağı aprelin 30-da məlum olacaq.

- Siz başqansınız, hər halda təxminləriniz var...

- Müsavat partiyasında məni də, İsa Qəmbəri də əvəz edəcək qabiliyyətə malik siyasi xadimlər var. Onlar başqanlığa namizədliklərini irəli sürmək hüquqlarının olduğunu bilirlər. Onların sırasında elə şəxslər var ki, əminəm Müsavat başqanı seçilərsə, partiyanı heç də nə məndən, nə də İsa Qəmbərdən pis idarə etməzlər.

Amma başqanlıq və ya başqanlığa namizədlik vəzifə deyil, hüquqdur. Mən həm də qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədriyəm, vəzifəm və borcum ondan ibarətdir ki, istər Məclisə, istər MNTK-ya, istərsə də başqanlığa namizədliyini irəli sürmüş Müsavat partiyası üzvlərinə bərabərhüquqlu rəqabət şərait yaradaq.

Məsələlərlə əlaqədar müvafiq təlimatlar qəbul olunub. Seçkilərlə əlaqədar hər kəsə bərabərhüquqlu siyasi rəqabət imkanları yaradılacaq.

- Şəxsən siz kimin başqan olmasını istərdiniz?

- Düşünmürəm ki, Müsavat partiyasında potensial namizədlərdən kimsə başqan seçilsə, o, partiyanın ümumi ideoloji-siyasi xəttinə xüsusi təsir göstərsin. Çünki bizim təşkilat yalnız bir nəfər tərəfdən idarə olunan partiyalardan deyil. Müsavatda idarəçilik kollegialdır, mənim başqan olduğum 10 il müddətində də, ondan əvvəlki dövrlərdə də partiya kollegial idarə olunub. Müsavatın seçkili qurumları partiyanın ümumi ideoloji-siyasi xəttinin müəyyənləşməsində, idarə olunmasında öz sözünü demək imkalarına malik olublar, bundan sonra da belə olacaq.

- Sosial şəbəkələrdə iddialar irəli sürürlər ki, siz İsa Qəmbərin təkrar başqan olmasını istəmirsiniz...

- Mən bu məsələlərə, ümumiyyətlə müdaxilə etməmək xətti götürmüşəm. Mümkün qədər seçkilərin nəticələrinə təsir edəcək açıqlamalar vermək istəmirəm. Kiminsə lehinə və ya əleyhinə olmağım barədə yayılan şayiələr yanlışdır.

- Qardaşınız Mustafa hacıbəyli Feysbukda status yazaraq bildirib ki, Müsavatın qurultayı və önəmli günləri ərəfəsində AXCP qəsdən mitinq salır. Bu fikirləri bölüşürsünüz?

- Bu, Mustafa bəyin fikridir, aydınlıq üçün sualı ona ünvanlaya bilərsiniz.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər