Mixail Qusman bu ali mükafata “Rusiya vətəndaşlarının müasir İtaliya siyasəti haqqında məlumatlandırılmasındakı böyük töhfələrinə, xüsusən İtaliyanın müsbət obrazının və Rusiya-İtaliya münasibətlərinin formalaşdırılmasında dəstəyinə görə” layiq görülüb.
Ali dövlət mükafatı olan “İtaliya Respublikası qarşısında xidmətlərə görə” ordeni 1951-ci ildə köhnə kral təltifləri əvəzinə təsis edilib. Bu orden xalq qarşısında ədəbiyyat, incəsənət, iqtisadiyyat, xeyriyyəçilik, ictimai və humanitar sahələrdə xidmətlərə görə təqdim edilir. Ordenin müxtəlif dərəcələri ilə, həmçinin kosmonavt Valentina Tereşkova, musiqiçilər Mstislav Rastropoviç və Valeri Georgiyev, Ermitajın rəhbəri Mixail Piotrovski, Dünya Rus Mətbuatı Assosiasiyasının prezidenti Vitali İqnatenko təltif ediliblər.
Təntənəli mükafatlandırma mərasimi 2017-ci il sentyabrın 25-də İtaliyanın Moskvadakı səfirliyində keçiriləcək.
Qeyd edək ki, Mixail Qusman 1950-ci il yanvarın 23-də Bakıda anadan olub. 1995-ci ildən TASS agentliyində işləyir. 1999-cu ildə agentliyin baş direktorunun birinci müavini təyin edilib. Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi və ədəbiyyat və incəsənət sahəsində Rusiyanın Dövlət Mükafatı laureatıdır. Rusiyanın dördüncü dərəcəli “Vətənə xidmətə görə”, “Şərəf” və “Dostluq” ordenləri, “Kazanın 1000 illiyi münasibətilə” medalı, həmçinin Azərbaycanın “Dostluq” və “Şöhrət” ordenləri ilə təltif edilib.
Azərtac-ın kollektivi həmyerlimiz Mixail Qusmanı bu ali mükafat münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, yeni nailiyyətlər və yaradıcılıq uğurları arzu edir.