Bu barədə Teleqraf.com-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) Məlumat Hesablama Mərkəzinin (MHM) operatoru olduğu “Elektron hökumət” portalına Səhmdar Cəmiyyətin “Elektron müraciət” adlı yeni elektron xidməti inteqrasiya olunub. Bu xidmət vasitəsi ilə fiziki və hüquqi şəxslər müraciətlərini (ərizə və şikayət) bundan sonra elektron formada göndərə bilərlər.
Xidmətdən istifadə etmək üçün portala autentifikasiya vasitələrindən biri ilə daxil olmaq və əsas səhifədə “Bütün xidmətlər” bölməsini seçmək lazımdır. Daha sonra “Azərsu”nun təqdim olunan xidmətləri arasından “Elektron müraciət” xidməti seçilir.
Göndərilmiş müraciətin qeydiyyata alınması və nömrəsi barədə bildiriş ekranda görünür. Qeydiyyata alınmış müraciət “Azərsu” ASC-nin müvafiq struktur vahidinə icraya yönləndirilir. Müraciətin nəticəsi haqqında məlumat isə vətəndaşın anketdə qeyd etdiyi elektron poçt ünvanına göndərilir.
Qeyd edək ki, “Azərsu” ASC-nin “Elektron hökumət” portalına inteqrasiya edilən xidmətlərinin sayı 10-a çatdırılıb.