Abşeron Rayon İcra Hakimiyyəti rayon ərazisində yaşayan Qarabağ əlilinin evinin sökülməsi barədə sosial mediada gedən məlumatlara münasibət bildirib.
İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Seymur Qasımovun Teleqraf.com-a verdiyi məlumata görə, Abşeron rayonunda evi sökülən sakin haqqında yayılmış videoda səsləndirilən fikirlər əsassızdır.
Məlumatda qeyd edilib ki, yayılmış video həqiqətdən uzaq, şantaj, təxribat xarakterli olmaqla birmənalı olaraq vəzifəli şəxslərin nufuzuna xələl gətirilməsinə hesablanmış bir addımdır:
“Qeyd etmək istərdik ki, özünü Qarabağ əlili adlandıran həmin şəxs heç bir vaxt Abşeron Rayon İcra Hakimiyyətində olmayıb, rayon rəhbərliyi ilə görüşməyib və onlarla ünsiyyət qurmayıb. Videodakı vətəndaşın ev inşa etməyə çalışdığı ərazi tamamilə başqa bir şəxsə aiddir və başqasının ərazisində ev tikməyə cəhd edib. İki vətəndaş arasında olan məsələdə Rayon İcra Hakimiyyətinin adının hallandırılması anlaşılan deyil. Eyni zamanda videodan da açıq-aydın görünür ki, həmin ərazidə heç bir yaşayış evi yoxdur”.
Açıqlamada o da qeyd edilib ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən, ümumiyyətlə, söküntü işləri həyata keçirilmir və videoda səslənən fikirlərin heç biri həqiqətə uyğun deyil: “Bununla belə, sözügedən ərazidə yaşayış evlərinin olmadığı da diqqətdən yayınmamalıdır. Hər bir vətəndaş ölkənin qanunvericiliyinə hörmət etməli və qanunların tələblərini yerinə yetirməlidir. Bir daha qeyd etmək istərdik ki, sözügedən videoda səslənən fikirlər uydurulmuş, şantaj xarakteri daşıyaraq bu günə qədər aparılan məqsədli kampaniyanın tərkib hissəsidir”.