Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 30 dini icmaya şəhadətnamələr təqdim edilib.
Teleqraf.com xəbər verir ki, bu məqsədlə təşkil edilmiş tədbirdə dövlət komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.
Dövlət komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında bildirib ki, ölkəmizdə ənənə halını almış tolerantlıq və multikultural mühit dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilib. Onun sözlərinə görə, dövlətimiz tərəfindən mütəmadi olaraq dini konfessiyalara maddi və mənəvi dəstək göstərilir, müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün lazımi şərait yaradılır.
S.Salahlı qeyd edib ki, respublikamızda ölkə rəhbərliyi tərəfindən mənəvi dəyərlərin təbliğinə, dini maarifləndirmə işinin təşkilinə, eyni zamanda dindarlara diqqət və qayğı göstərilməkdədir: “Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması, din xadimlərinə maddi dəstəyin göstərilməsi, dini ibadət yerlərinin tikintisi və ya əsaslı təmiri bu diqqətin bariz nümunəsidir”.
Sonda qeydiyyat şəhadətnamələri dini icma sədrlərinə təqdim edilib.