13 İyun 2021 11:59
1 509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Bir bazar günü” rubrikasının qonağı Milli Məclisin Əmək və sosial siyasət, Regional məsələlər komitəsinin üzvü Aqil Məmmədovdur.

Deputat Aqil Məmmədovla Kəlbəcərdən, Ağdabandan, 16 yaşında otaqlarını bir-bir gəzdiyi Xudavəng monastrından, Başlıbeldən, ilk iş yeri olan Kəlbəcər Civə zavodundakı fəaliyyətindən danışdıq.

Onunla müsahibəni təqdim edirik:

- Aqil müəllim, millət vəkilinin bir bazar günü necə keçir, istirahət gününün ahəngini qorumaq mümkün olurmu?

- İş prinsipimiz elədir ki, istər bazar günü olsun, istərsə də digər günlərdə seçicilərimiz üçün hər zaman açıq olmuşuq. Pandemiya dövründə seçicilərlə görüşə bilməsək də telefonum seçicilərimizin əksəriyyətində var. Telefonuma nə vaxt zəng gəlibsə, cavablandırmağa çalışmışam. Hər zaman verdiyim sözə əməl edirəm. Elə sizdən öncə seçicilərimiz gəlmişdi. Onlara da bir neçə gün öncə söz vermişdik ki, görüşək. Bu gün görüşdük, rayonla və buradakı işlərlə bağlı səmərəli müzakirələr apardıq. Hətta qəfil iş çıxsa belə seçiciyə mütləq xəbər edirəm ki, hansı gün dəqiq görüşmək imkanı olacaq. Seçici bizə etimad göstəribsə, bizim də borcumuz onların yanında olmaqdır. Çalışırıq ki, seçicilərin qaldırdıqları məsələlərlə bağlı qanun çərçivəsində nə mümkündürsə, onu təmin etməyə nail olaq.

- Millət vəkilliyindən öncə Kəlbəcər rayon icra hakimiyyətinin başçısı olmusunuz. İnzibati idarəçilikdən qanunverici sistemə keçid çətin olmadı ki?

- Kəlbəcər rayon icra hakimiyyətinin 7 il icra başçısı olmuşam. Ondan öncə isə 5 il rayon icra hakimiyyətinin birinci müavini vəzifəsində işləmişəm. Daha əvvəl iki il yarım öz rayonumuzda baş məsləhətçi kimi çalışmışam.

- Parlamentdə kəlbəcərliləri təmsil etmək sizin üçün hansı üstünlüklər yaratdı?

- Ümumiyyətlə, harada işləməyimizdən asılı olmayaraq əgər vətəndaşa xidmət varsa, seçicinin qaldırmış olduğu məsələyə az da olsa dəstək verə biliriksə, bu da bir şərəfdir. Camaatla işləmək, insanların problemləri ilə maraqlanmaq, yanında olmaq məsuliyyət, ağırlıq yaratsa da qürurvericidir.

- Kəlbəcərli deputat Aqil Məmmədovu seçiciləriniz, ictimaiyyət necə tanıyır?

- 1960-cı ildə Kəlbəcər rayonu Ağdaban kəndində anadan olmuşam. Gənclik dövrüm Kəlbəcərdə keçib. Ali məktəb və əsgərlik xidmətindən sonra təyinatla Göygöl rayonunda fəaliyyət göstərmişəm. Bəzən isə həyatımızda heç özümüzün də gözləmədiyimiz dəyişiklər baş verir. Seçkilərdə iştirakım Yeni Azərbaycan Partiyasının mənə etimadı ilə baş tutdu. Ali qanunverici orqana üzv seçilməyim də üzərimizə mühüm vəzifələr qoyub. Seçicilərimizlə münasibətlərimizin səviyyəsini onlar daha yaxşı qiymətləndirər.

- Seçiciləriniz ölkənin müxtəlif bölgələrində yerləşib. Necə ünsiyyət saxlayırsınız?

- Keçmiş məcburi köçkün olaraq əvvəlki müvəqqəti yaşadığımız ərazilərdə bir müddət də yaşayışımızı davam etdiririk. Ölkəmizin ən böyük rayonlarından olan Kəlbəcərin bu gün 80 mindən artıq əhalisi var. Kəlbəcərlilər ölkəmizin 54 rayonunda müxtəlif yaşayış məntəqəsində məskunlaşıb. Ona görə də seçicilərlə ümumi mənada görüşlərmiz bir qədər çətinlik yaradır. Çünki hər gün belə bir görüş keçirsək buna zaman çatmaz. Amma buna baxmayaraq, bizə müxtəlif vasitələrlə müraciət edən seçicilərin müraciətlərini cavabsız qoymuruq. Bizimlə görüşə gələ bilməyən seçicilərlə çalışırıq özümüz gedib ünsiyyət yaradaq.

- Kəlbəcərdən nə vaxt çıxmısınız?

- 1983-cü ilə qədər Kəlbəcər rayonu Ağdaban kəndində olmuşam. Təhsilimi başa vurduqdan sonra Göygöl rayonunda əmək fəaliyyətinə başlamışam. İlk ali təhsilimi Bədən Tərbiyəsi və İdman Akademiyasında, sonra isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almışam.

- Uşaqlıq, yeniyetməlik, gənclik xatirələrinizdə Kəlbəcər necə qalıb?

- Sözsüz ki, uşaqlıq, gənclik dövrü heç vaxt unudulmur. Çünki gözümüzü Kəlbəcərdə açmışıq. Uşaqlıq və gənclik dövrüm Kəlbəcərdə keçib. İnsan doğulduğu ərazini dərk edə-edə böyüyür. Bəzən insan 5-6 yaşında olan hadisələri olduğu kimi yada sala bilir.

- İlk iş yerinizi necə xatırlayırsınız?

- 16 yaşında Kəlbəcərdə Civə zavodunda əmək fəaliyyətinə başlamışam. Düzdür, sonradan yaşımın azlığına görə məni işdən çıxardılar. O dövrdə hələ uşaq yaddaşımla ağ civə çıxarılması prosesini izləyirdim. Kəlbəcər öz qiymətli təbii sərvətləri ilə zəngindir. Artıq bu ərazilər azad edilib. Ölkə rəhbərliyinin bununla bağlı xüsusi göstərişi var. Azərbaycanın özünə məxsus olan təbii ehtiyatları xalqımızın mənafeyinə xidmət edəcək. Kəlbəcər həmçinin uran yataqları ilə zəngindir. Sovet dövründə bu işə başlasalar da sonradan başa çatdırılmadı.

- Kəlbəcər isti su mineral bulaqları ilə zəngindir...

- Bəli, məşhur İstisu 16 belə bulaqdan ibarətdir. Tanrı bu rayona o qədər zəngin nemətlər bəxş edib ki, heç bir texniki iş aparılmadan bu mineral sular təxminən 60 dərəcə ilə səthə çıxır. İlkin olaraq hələ 1927-28-ci illərdə bu suyun tərkibi ölçülüb. Dünyaca məşhur olan mineral sulardan fərqlənən su olduğu müəyyənləşirilib. Sovetlər dövründə müalicə məqsədilə Kəlbəcərə bir ildə 50 mindən artıq insan gəlirdi. Ona görə də Kəlbəcərin yeraltı və yerüstü sərvətlərindən istifadə bölgəmizin ümumilikdə rayonun inkişafına mühüm töhfə olacaq.

- Rayon dağlıq olsa da kənd təsərrüfatının inkişafı üçün xarakterik xüsusiyyətləri var...

- Doğrudur. Rayon dağlıq əraziləri əhatə etsə də örüş-otlaq sahələri ilə yanaşı digər kənd təsərrüfatının inkişafı üçün də münbit şərait var. Məhz bu rayonda örüş-otlaq sahələrinin geniş olması gələcəkdə burada maldarlıq və qoyunçuluğun inkişafına müsbət təsir edəcək. Fermerlərin öz təsərrüfatlarını daha da genişləndirməsi üçün imkan yaranacaq. Rayonda arıçılıq sahəsində də mühüm inkişaf üçün təbii resurslar həddən artıq çoxdur. Tarixən də "Kəlbəcər balı" adı ilə tanınıb. Bütün bunlar isə yaxın gələcəkdə insanlarımızın daha təbii və bol kənd təsərrüfatı məhsulları ilə təminatına imkan yaradacaq.

- Kəlbəcərin təbiətini necə xatırlayırsınız?

- Kəlbəcərliyəm deyə tərifləməyim, bu rayonun gözəlliyindən hər kəs ürək dolusu danışıb. Kəlbəcərin dəniz səviyyəsindən ən hündürlükdə yerləşən zirvəsi 3724 m-dir. Bu zirvə Ömər aşırımıdır. Rayonun zəngin meşə ehtiyatı, bol sulu bulaqları var. Tarixən də Kəlbəcər dağlarında bitən müxtəlif çiçəklərdən xalq təbabətində geniş istifadə olunub. Bu rayon təbii gözəlliyinə, hündür dağ zirvələrinə görə möhtəşəm bir təbiət möcüzəsi hesab olunur. Bəzən tarixçilər Kəlbəcəri Qərbdən Azərbaycanın “Qala qapısı” adlandırıblar. Bu coğrafi mövqeyinə görə Kəlbəcərə verilmiş bir addır. Təbiət gözəlliyi ilə yanaşı özünün yeraltı, yerüstü ehtiyyatları ilə zəngindir. Ən qiymətli metallar Kəlbəcərdən çıxır. Qızıl, gümüş, civə yataqları ilə zəngin olan Kəlbəcər hər zaman diqqət mərkəzində olub. Rayonun 40 min hektara yaxın meşə ərazisi var.

- Hazırda sərhədlərlə bağlı proses nə yerdədir?

- Ermənistanla sərhəd kəndləri boyunca delimitasiya və demarkasiya işləri həyata keçirilir. Sərhədlərin dəqiqləşdirilməsi prosesləri aparılır. Ermənilər bu prosesi pozmaq üçün müxtəlif təxribatlara əl atır, amma buna baxmayaraq proses davam edir. Çünki mövcud xəritələr var, xəritələrə uyğun bu işlər aparılır. 1992-ci ildə ləğv edilən Ağdərə rayonunun 9 nümayəndəliyi, ümumilikdə isə 18 kəndi Kəlbəcərə birləşdirilib. Kəlbəcərin Ağdaban və Çayqoşan kəndləri ilə bağlı da dəqiqləşmələr aparılır. Ölkə rəhbərliyinin tapşırıqları əsasında artıq o kəndlərlə də yollar bərpa edilir. Ermənilərin nə deməsindən asılı olmayaraq, tarix və orada doğulub-böyümüş şəxslərin xatirələri, yaddaşı var. Bunu inkar etmək qeyri-mümkündür.

- Ermənilərin Kəlbəcərə daha çox maraq göstərməsi nə ilə əlaqədar idi?

- Göyçə istiqamətindən Kəlbəcərlə Ermənistan 136 km-lik sərhədd xəttinə malikdir. Zod aşırımı istiqamətində mühüm yol buradan keçir. Məşhur Zod qızıl yataqlarının ətrafından birbaşa Ermənistana, Xankəndinə birbaşa yol gedir.

- Zod qızıl yataqlarının aqibəti, işlənməsi, nəzarəti haqqında nə demək olar?

- O dövrlər ərazi baxımından yatağın işlənmə istiqaməti Zod istiqamətindən başlasa da tunel Azərbaycan sərhədlərinə keçirdi. Bu məsələlər o dövrdə də qaldırılmışdı. Tunel vasitəsi ilə Azərbaycan sərhədlərini keçmək belə qəbul olunmurdu. Delimitasiya, demarkasiya işlərindən sonra bu məsələlər də həll olunacaq.

- Xudavəng monastrı ilə bağlı məsələləri ermənilər tez-tez gündəmə gətirir…

- Bayaq sizə dedim mən 16 yaşımda 3 ay civə zavodunda işləmişəm. Həmin zavod Xudavəng alban məbədindən 300-400 metr aralıda dağın ətəyində yerləşirdi. Məsafə baxımından evə gedib-gəlmək çətin olduğu üçün Şorbulaq qəsəbəsində qalırdım. Çox vaxt zavoddan yaşadığım evə piyada gedib-gəlirdim. Həmişə Xudavəng alban məbədinin yanından keçirdim. Oradan keçəndə də məbədin hər bir otağını, zirzəmisini belə gəzirdim.

- Siz 16 yaşınızda monastrda hansısa bir erməni din xadiminə rast gəlmişdinizmi?

- Xeyr. Ermənilər ümumiyyətlə Kəlbəcərdə yaşamayıb. Bir erməni ailəsi belə yox idi.

- Demək işğal faktına qədər məbədin ermənilərə aid olması ilə bağlı heç bir söz eşitməmisiniz?

- 1993-cü il, yəni işğal tarixinə qədər bu məbədin ermənilərə aid olmasından belə söhbət getməyib.

- Ermənilərlə qonşuluqda yaşamısınız, sizə münasibətləri necə idi?

- Bəli, təxminən 8-9 km-lik bir məsafədə ermənilərin Çapar kəndi adlanan bir kəndi yerləşirdi. Bizim dədə-baba yolumuz Ağdərədən keçirdi. O yoldan keçəndə biz ermənilərin kinli münasibətlərini, qərəzli baxışlarını görmüşük. Bizim kəndlə qonşuluqda yaşayan ermənilər Azərbaycan dilini çox yaxşı bilirdilər. Sovet dövründə ermənilər nədənsə, Azərbaycan dilini daha çox öyrənməkdə maraqlı idi.

Sovetlərdə ermənilərlə azərbaycanlıların “dostlaşmasından” danışılırdı. Radiolarda da belə bir təbliğat aparılırdı. Bizim kəndin ağsaqqalları da ermənilərin guya azərbaycanlılarla “qardaşlıq” münasibətinə belə reaksiya verirdilər ki, “kaş siz dediklərinizi mən eşidən kimi, mənim də dediklərimi siz eşidə biləydiz”. O vaxt mən 3-4-cü sinifdə oxuyardım, həmin ağsaqqallar deyirdi ki, “eşidin, ermənidən azərbaycanlıya qardaş olmaz. Bunu birdəflik yaddaşınıza həkk edin”. Məhz o dövr ağsaqqalarımız bununla bağlı fikirlərini bildirirdi. Bəlkə də o dövr üçün biz bunu lazımi qədər yaxşı dəyərlənirə bilmirdik. Sovet tərbiyəsi də imkan vermirdi ki, haqq-ədaləti olduğu kimi bilək. Azərbaycan tarixi də çox qısa bir formada tədris olunurdu ki, əsl həqiqətlər bilinməsin.

- Sovet dövrü üçün qardaş Türkiyəyə münasibət yaddaşınızda necə qalıb?

- Sovet dövründə qardaş Türkiyə haqqında bizə heç bir informasiya verilmirdi. Qardaş Türkiyə NATO-nun üzvü kimi az qala “düşmən” olaraq qələmə verilirdi. Bu gün isə Azərbaycan və Türkiyə qardaşlığı bütün dünya üçün nümunədir. Azərbaycan bu gün elə bir gücə sahib olub ki, 30 illik problemi 44 günə həll etməyə nail oldu. Sözsüz ki, qardaş Türkiyənin mənəvi-siyasi dəstəyi misilsizdir. Gələcək nəsillərimiz də dünənimizdən, bu günümüzdən nəticə çıxararaq inkişafımızın konsepsiyasını qurmalıdır.

- Kəlbəcərə qayıdışla bağlı hansı işlər görülür?

- Artıq Göygöl rayonunun Toğanalı kəndindən Kəlbəcərə tunel yolun çəkilməsi üçün ilkin işlər görülür. Eyni zamanda bizim dədə-baba yol adlandırdığımız Tərtər-Ağdərə-Kəlbəcər yolu da mütləq ki, bərpa olunacaq. Eyni zamanda Ömər aşırımından Kəlbəcərə gedən Murovdağ yolu da genişləndirilir. Bununla yanaşı rayonda ilkin qiymətləndirmə və görüləcək işlərlə bağlı layihələr hazırlanır.


Müəllif: Tapdıq Qurbanlı, Foto: Ceyhun Rəhimov