2022-ci ilin gəlişinə artıq saatlar qalıb. Çin təqviminə görə, qarşıdan pələng ili gəlir.
Tanınmış astroloq Səbuhi Rəhimli Teleqraf.com-a növbəti illə bağlı 25 siyasi-ictimai proqnozunu bölüşüb.
O bildirib ki, ötən il verdiyi proqnozdan üçü tam həyata keçməyib: "Amma ilin sonu yaxınlaşdıqca hadisələr dəyişə və bəzi proqnozlar özünü doğrulda bilər. Əsasən gündəmdə olan, insanları narahat edən, ümidləndirən hadisələrlə bağlı proqnozlar tərtib edirəm.
İlk öncə deyim ki, 2022-ci ildə Azərbaycanla Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi açılacaq.
Hakimiyyətdə böyük struktur dəyişiklikləri aparılacaq.
Qismən müstəqil olan mütəxəssislərə vəzifələr veriləcək. Təbii ki, belə adamlara böyük vəzifələr verilmir. Ölkəmizdə tam müstəqil mütəxəssislər demək olar ki, yox dərəcəsindədir.
Fevral və noyabr ayları istisna olmaqla il ərzində Azərbaycanda hər hansı bir devalvasiya baş verməyəcək. Acaq fevralda və noyabrda belə bir zəif ehtimal gözlənilir.
Tərtər işi ilə bağlı ilkin həbslər olacaq. Tərtər işini 20 Yanvar və Xocalı faciəsinə bərabər tuturam.
Xırda anti-terror hadisələri istisna olmaqla Qarabağda müharibə olmayacaq.
2022-ci ildə növbədənkənar parlament seçkisi və ya referendum olmayacaq.
2021-ci ildə istefaya gedəcək məmurların episentrində sistemdə çalışanların və icra başçılarının olacağını demişdim. Doğurdan da il ərzində kifayət qədər polis rəisləri, ədliyyədə çalışanlar işdən çıxarıldı, hərbiçilər həbs olundu. 2022-ci ildə isə istefaya gedəcək məmurların episentrində səhiyyə və təhsil strukturlarında çalışanlar düşür. Ona görə növbəti il adıçəkilən strukturlarda çalışanlar daha çox istefaya göndəriləcək.
İki böyük və populyar məmur vəzifəsini itirəcək. Əslində, bu şəxslərin kim olduğunu bilirəm, amma adını açıqlamaq doğru deyil.
Bu, 9 proqnoz sırf Azərbaycana, digərləri isə ölkəmizə, eləcə də bütün dünyaya aiddir.
Koronavirus təhlükəsi ilin ikinci yarısından tədricən mahiyyətini itirməyə başlayacaq.
Hindistanla Çin arasında münasibətlər kəskin şəkildə soyuqlaşacaq, müharibəyə zəmin yaranacaq.
Rusiya hakimiyyəti son 12 ilin ən böyük siyasi təzyiqə və etirazlara məruz qalacaq.
Gürcüstanın sabiq prezidenti Mixail Sakaşvili azadlığa çıxacaq.
Ermənistanın baş naziri Nikol Paşinyanın devrilməsi cəhdləri fiaskoya uğrayacaq. Rusiya istər daxildə, istərsə də Azərbaycanın əli ilə buna bir neçə dəfə cəhd etsə də, alınmayacaq.
Türkiyədə hər hansı hakimiyyət dəyişikliyi olmayacaq.
Hazırda elə bir mənzərə yaradıblar ki, sanki hər an Rusiya ilə Ukrayna arasında müharibə olacaq. Amma astrologiya elmi bu müharibənin olacağını təkzib edir.
Rusiya prezidenti Vladimir Putin administrasiyası çətin də olsa, 2022-ci ili də iqtidar kimi yola salacaq.
Rusiyanın türk dövlətləri təşkilatına qarşı siyasi hücumları il ərzində intensivləşsə də, bu, yalnız may ayına qədər davam edəcək və nəticəsiz qalacaq. May ayına qədər isə Rusiya türk dövlətləri konseyinə qarşı amansız hücum edəcək.
Çinlə Tayvanın arasında hər hansı bir müharibə və ya qarşıdurma olmayacaq.
İlin gündəmdə olan əsas ölkələri İngiltərə, Almaniya, Danimarka, Suriya, İtaliya, kiçik Asiya dövlətləri, Norveç, Əlcəzair, İsveç, Mərakeş, Hindistan, Kuba, Kanada və Çili olacaq.
Fransada keçirilən prezident seçkisində hazırkı dövlət başçısı Emanuel Makron uduzacaq.
Təbii fəlakətlər, təyyarə qəzaları və vulkan püskürmələrinin də sayı artacaq. Çox təəssüf ki, pələng ilində daha çox təyyarə qəzaları baş verir.
Siyasi və hərbi sui-qəsdlər də çoxalacaq.
Taliban hökuməti ilə İran arasında siyasi gərginlik artacaq, ancaq müharibə həddinə çatmayacaq.
Səhiyyə və kosmos sahələrində çox böyük ixtiralar baş verəcək.
Unutmayın ki, tanrı ulduzlardan daha yüksəklərdə durur!"