29 Dekabr 2022 15:05
271
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə spirtli içkilərin istehsalı və satışı ilə məşğul olan bir sıra təsərrüfat subyektlərinin yayımladığı reklamlarda qanunvericiliyin tələblərinin pozulması əlamətləri müəyyən edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, qeyd olunan reklamlarda alkoqollu içkilərdən istifadə etməyən şəxslərin nüfuzdan salınma obrazı yaradılıb, spirtli içkilərdən istifadə nəticəsində şəxsin emosional durumunun yaxşılaşacağı bildirilib. Reklam edilən məhsullar barədə “ən çox sevilən və içilən”, “ən dadlı alkoqollu içki” kimi ifadələrdən istifadə edilib, bir sıra alkoqollu içkilərin dünyanın ən yaxşısı olması, digər içkilərdən daha yumşaq olması kimi qeydlərə rast gəlinib. Bununla yanaşı, alkaqollu içkilərdən istifadə olunması prosesi nümayiş etdirilməklə yanaşı, reklamlarda spirtli içkilərdən həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlığa yer verilməyib.

Qanunvericiliyə əsasən, spirtli içkidən istifadə nəticəsində şəxsin ictimai nüfuz qazanacağı, peşədə, idmanda və ya digər sahələrdə şəxsi uğurlar əldə edəcəyi, fiziki və yaxud emosional durumunu yaxşılaşdıracağı barədə rəyin formalaşdırılması, alkoqollu içkilərdən istifadə etməyənlərin nüfuzdan salınması, cəmiyyətdə tanınmış olan şəxslərin, kino və animasiya filmləri qəhrəmanlarının, heyvanların təsvirlərindən istifadə edilməsi və alkoqollu içkilərdən istifadə olunma prosesinin nümayiş etdirilməsi qadağandır. Tündlüyü 5 %-dən yuxarı olan alkoqollu içkilərin reklamı ondan həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlıqla müşayiət olunmalıdır. Bu xəbərdarlığa reklam sahəsinin 10 %-dən az olmayaraq yer ayrılmalıdır.

Dövlət Xidməti qanun pozuntusu əlamətləri üzrə araşdırmalara başlayıb. Nəticələrə uyğun olaraq tədbirlər görüləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər