22 May 2017 16:43
2 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində “Şeron” musiqi qrupunun keçmiş üzvü, “Şadan” qrupunun rəhbəri və solisti İntizar Məmmədov və Ramil Qasımovdan hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinən Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov və Ariz Məmmədovun cinayət işi üzrə növbəti prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş şəxs qismində İntizar Məmmədov ifadə verib.

O, təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını deyib: “Təqsirləndirilən şəxslər mənə hədə-qorxu gəlməyib, pul tələb etməyiblər. Onlardan şikayətçi deyiləm”. İntizar Məmmədov həmçinin ifadəsində zərərçəkmiş olmadığını deyib: “Şəxsən mənə və mənim yanımda Ramilə Tahir və dostları heç bir hədə-qorxu gəlməyib. Sadəcə Rəşadgilə borclu olduğumuz pulu verməyimizi istəyiblər”.

İntizar Məmmədov ibtidai istintaq zamanı ifadəsində bildirib ki, musiqi sənəti ilə 5 ildir məşğul olur: “2012-ci ildə dostlarım Ramil Qasımov və Rəşad Əhmədov ilə birlikdə “Şadan” musiqi qrupunu yaratdıq. Qrupa maliyyə dəstəyi vermək üçün birlikdə Rəşadın atası Ziyadxana məxsus Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən səs-yazma studiyasını öz razılığı ilə 55 min dollara Tərlan adlı şəxsə satdıq.

Əldə olunmuş vəsaitdən Rəşad özünə 5 min dollar götürdü, 5 min manatı isə mən götürdüm. Qalan pulu qrupun inkişafına xərclədik. Razılaşmışdıq ki, hər toy məclisindən əldə etdiyimiz 3 min manatın 1000 manatını musiqiçilərə verək, 1000 manatını üçümüz aramızda bölək, qalan 1000 manatı Rəşadın atasına verək.

Bir müddət bir yerdə işləyərək Rəşadın atasının pulundan 13 min manat qaytardıq”.

İntizar Məmmədovun sözlərinə görə, 2015-ci ildə qrupdan ayrılıb və ayrıca fəaliyyət göstərməyə başlayıb: “Lakin Rəşadın atası və özü bizdən pulun qalan hissəsini tələb etdi. Həmin vaxt Rəşadın atası pulunu dolların yeni məzənnəsi ilə istədi”.

Zərərçəkmiş qeyd edib ki, 2016-cı ilin oktyabr ayında Rəşadın atası əvvəllər tanımadığı, adlarının ona sonradan “Qara Çöplü” ləqəbi ilə tanınan Tahir, “Vaska” ləqəbli Vazeh, Gündüz, gürcüstanlı Ariz, Zabratlı İlqar, Talış İlqar və Emin kimi şəxsləri üstlərinə göndərib: “Həmin şəxslər birinci dəfə Bakıxanov qəsəbəsində çayxanalardan birində, ikinci və üçüncü dəfə Tahir adlı şəxsin yaşadığı Zabrat qəsəbəsindəki evində, dördüncü dəfə isə Nəsimi rayon Polis İdarəsinin yaxınlığında “PUB”lardan birində görüşdük.

Tahir bildirdi ki, Rəşadın atası borcunu almağı onlara həvələ edib. Tahir Rəşadın atasının obyektinin satışından əldə olunmuş 55 min dolların qaytarılmasının zəruri olduğunu bildirdi. Özünü ədalətli şəxs kimi göstərmək üçün həmin pulun hansı formada alınmasını Rəşaddan soruşdu.

Rəşad bildirdi ki, obyektin satılması müqabilində 36 min manat və 13 min dollar alınıb. Bundan sonra Tahir həmin pulları üç nəfərin arasında böldü. Hərənin payına12 min manat və 4 min dollar düşdüyünü təyin etdi. O, həmin pulların qısa zamanda ona çatıdırılmasını tələb edərək, bizdən nə edəcəyimizi soruşdu.

Həmin görüşdə Ramil ilə birlikdə 13 min manatı birgə çalışdığımız dövrdə Rəşada qaytardığımızı dedik. Qalan pulun əvəzində “Mercedes Benz S-klass” markalı maşınımı verə biləcəyimi dedim. Avtomobilə baxış keçirərək 10 min manatla əvəzlədilər. Ramilə isə fikirləşməsi üçün vaxt verdilər”.

İntizar Məmmədovun sözlərinə görə, onlara hələlik Ramillə birlikdə hərəsinə 500 dollar verməyi təklif ediblər. O, qeyd edib ki, onlar həmin 500 dolları düzəldərək Tahirə veriblər.

İntizar Məmmədov qeyd edib ki, Ramildən ilkin olaraq 6 min manat verməsini tələb ediblər: “Bir neçə gündən sonra Tahirə zəng etdi və görüş üçün evinə dəvət etdi. Ramil və Famil ilə birlikdə Tahirin evinə getdik. Orada Tahirin dostları da var idi. Həmin vaxt avtomobilimin açarlarını və sənədlərini Tahirə verdim. Ramil isə pulunun olmadığını söylədi. Tahirə Ramilə bir ay vaxt verdi və 4 min dolları ona çatdırmasını tələb etdi”.

İntizar Məmmədov qeyd edib ki, 2017-ci ilin yanvarın 1-də Tahirin adından ona Emin adlı dostu zəng vurub: “Emin Ramillə hərəmizə 100 manat verməyimizi tələb etdi. Mən pul verməkdən imtina etdim. Yanvarın 5-də isə Tahirin özü zəng vurdu. O, Ramildən şikayətləndi. Bildirdi ki, vəd verdiyi pulu vaxtından çatdırmayıb, müxtəlif yerlərdə görüş təyin etsə də, həmin görüş yerlərinə gəlməyib. Məndən Ramillə əlaqə saxlamağımı tələb etdi.

Ramillə əlaqə saxladım, ondan nə baş verdiyini soruşdum, həyəcanlı şəkildə bildirdi ki, Tahir və dostları ona təzyiq göstərir, hədə-qorxu gəlir, təcili olaraq borclu olduğu pulu qaytarmasını bildirirlər. Sonradan eşitdim ki, Tahir və dostları gecə saatlarında Ramilin evinə gedib, buna görə də Ramil onlardan polisə şikayət edib”.

İntizar Məmmədov ifadəsinin sonunda göstərib ki, Tahirgilin evində olarkən, onun dostlarından biri üzərlərinə zarafatla tapança tuşlayıb.

Növbəti proses mayın 25-də davam edəcək.

İttihama görə, Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov, Ariz Məmmədov və Əfsun Quliyev külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədi ilə əlbir olublar.

Onlar qrup halında özlərini cinayətkar aləmin nüfuzlu nümayəndələri Lotu Qulinin qardaşı Lotu Namiqin adamları kimi təqdim ediblər.

Dəstə üzvləri hər yerdə cinayətkar aləmlə sıx əlaqədə olduqlarını deyib, gəzdirdikləri silahlarla hədə-qorxu gəliblər, 2016-cı ilin oktyabr ayından 2017-ci ilin yanvar ayının 6-dək olan müddətdə “Şeron” qrupunun sabiq üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədovla Ramin Qasımovun hər birindən 12 min manat və 4 min ABŞ dolları məbləğində pul tələb ediblər, həmçinin müğənnilərə vaxt veriblər.

Dəstə üzvləri qoyduqları vaxtın artırılması üçün Lotu Namiqdən icazə almaq adı ilə 2016-cı ilin oktyabr ayının əvvəllərində Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində İntizar Məmmədovla Ramin Qasımovun hər birindən 500 dollar olmaqla ümumilikdə 1000 dolları alıblar. Onlar bir qədər sonra isə İntizar Məmmədova məxsus "Mercedes Benz S-klas" markalı avtomobilini əlindən alaraq, verəcəyi pulun 10 min manatı ilə əvəzləşdiriblər.

Bundan başqa, Əfsun Quliyev və digərləri 2016-cı il noyabr ayının 30-da saat 23:30 radələrində Nəsimi rayonu ərazisindəki kafelərin birində Ramin Qasımovdan 4 min dollar alıblar. Bu il yanvar ayının 6-da isə günorta saatlarında Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən "Ankara" şadlıq evinin yaxınlığındakı kafedə Ramin Qasımovdan qalan 12 min manat pulu istəyərkən Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

İstintaq dövründə Binəqədi Rayon Prokurorluğunda Əfsun Quliyevin cinayət işinə xitam verilib. O, Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Əfsun Quliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Nəsimi rayon İdarəsində mülki mühafizəçi vəzifəsində çalışıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər