20 May 16:52
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Demokratik Rifah” partiyası ilə bağlı Ədliyyə Nazirliyinə, Bakı Apellyasiya Məhkəməsinə, Ali Məhkəməyə müraciətlər etmişik. Bizə cavab olaraq qeyd edilib ki, “Siyasi partiyalar haqqında” qanuna uyğunlaşmadan sonra məsələyə baxılacaq. 2021-ci ilin oktyabrın 17-də təsis etdiyimiz partiya indiki qanunvericliklə uzlaşmır. Çünki biz orada sənədləri köhnə qanuna istinadən tərtib etmişik.

Bunu Teleqraf.com-a Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Sədr müavini Ellada Məmmədli deyib.

“Həmin qanuna uyğun olaraq 1500-dən artıq imza təqdim etmişik. İndiki halda isə biz partiyanı təsdiq etdirmək üçün üzvlərin sayını və imzasını 5 minə çatdırmalıyıq. Eyni zamanda yeni qanunda nəzərdə tutulan bəzi müddəalar təmin edilməlidir. Təmsilçilik hüququ, say tərkibi və digər istiqamətdə olan məsələlərə uyğun olaraq partiyanın Ədliyə Nazirliyində qeydiyyata alınmasına nail olmalıyıq”, - deyə o qeyd edib.

ADR funksioneri hazırda təşkilatın sədri Qubad İbadoğlunun adından kimlərinsə açıqlamalar verdiyini söyləyib: “Bu adamlara kimin səlahiyyət verdiyi məlum deyil. Mayın 14-də Qubad bəy partiyanın İdarə Heyətinin iclasını keçirib. Orada biz ilk növbədə sədrin səhhəti ilə bağlı müzakirələr apardıq. Eyni zamanda qərara alındı ki, partiya olmaq istəyiriksə, sənədlərimizi mövcud qanunvericiliyə, yəni “Siyasi partiyalar haqqında” yeni qanuna uyğun şəkildə təkmilləşdirməliyik”.

Ellada Məmmədli bildirib ki, ADR partiya olaraq deyil, hazırda hərəkatın nəzdində formalaşmış ictimai birlik səviyyəsində fəaliyyətini davam etdirir: “Bizim çətinliyimiz yoxdur. Kimlərsə bizi dolaşdırmağa çalışmasın. Hazırda biz partiyamızı qeydə aldırmaq üçün yeni prosedurlara uyğun olaraq işlər görürük”.

Qeyd edək ki, mayın 15-də Qubad İbadoğlu siyasi fəaliyyətini dayandırdığını açıqlayıb. Azərbaycan Demokratiya və Rifah Partiyası isə fəaliyyətinin “Siyasi partiyalar haqqında” qanunun 4.7.-ci maddəsinin tələblərinin nəzərə alınması barədə qərar qəbul edilib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər