20 May 20:19
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Vahid bəy, bazarda yerli kənd təsərrüfatı məhsulları niyə azlıq təşkil edir?

- Dövlət Statistika Komitəsinin məlumatına görə, yerli kənd təsərrüfatı məhsullarının istehsalında artım var, bitkiçilikdə 2.7 faiz, heyvandarlıq məhsullarının istehsalında isə 2.5 faiz artım müşahidə olunub. Amma ötən gün Dövlət Gömrük Komitəsi bir məlumat yaydı, orada bildirilirdi ki, Azərbaycana ət, süd məhsulları, meyvə, tərəvəz idxalı da artıb. Təsəvvür edin, 149.5 min ton məhsul ixrac etmişik, 188.8 min ton isə idxal etmişik. Bu o deməkdir ki, idxaldan asılılıq artır, yerli istehsal sıradan çıxır.

İndiyə qədər heç vaxt ölkəyə bu qədər meyvə-tərəvəz idxal edilməmişdi. Yəni biz süd, ət, kərə yağı, hətta tərəvəz-meyvə də istehsal edə bilmirik? Hökumət bu haqda ciddi düşünməlidir. Yaxın vaxtlarda istehsala ciddi fikir verilməsə, idxaldan asılılığımız getdikcə daha çox artacaq.

- Səbəbi nə ilə izah edərsiniz?

- Bu sahəyə məsul olanlar işə qeyri-peşəkar yanaşdıqları üçün işi təşkil edə bilmirlər. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi aqrar siyasəti müəyyən etməlidir. Mən onların qəbul etdikləri dövlət proqramlarına, qanunlara, qaydalara baxmışam. Reallıqdan uzaqdır.

Gündə bir tədbir keçirirlər, kənd təsərrüfatı məhsulları ilə bağlı təqdimatlar edirlər - bunlar hamısı görüntü yaratmaqdır.

Bu sahədə ciddi problemlər var və onlar həll olunmalıdır. Bunun üçün nazirlikdə bu sahəni bilən adam olmalıdır. O adam problemi də, onu aradan qaldırmağın yollarını da desin. Ətrafına peşəkarları toplayaraq problemləri həll etsin.

İlk növbədə fermerlər maarifləndirilməlidir. Onlar nə və necə edəcəklərini bilmirlərsə, ümumiyyətlə, bu sahəyə maliyyə resursu ayırmaq, subsidiya vermək, nəyəsə təşviq etmək düzgün deyil.

- Hesab edirsiniz ki, ayrılan subsidiyalar faydalı sərf olunmur?

- Bunu xüsusi qeyd edin, ayrılan subsudiyalar qeyri-səmərəli biznesi stimullaşdırır. Yəni dövlət böyük həcmdə vəsait ayırır, son rəqəmlərə görə, bu rəqəm 300 milyon manatı keçib. Bunun müqabilində əlimizdə nə var? Niyə istehsalımız artmır? Niyə canlanma yoxdur? Niyə rəqabət qabiliyyətli məhsul istehsal edə bilmirik? Niyə heyvanlar Gürcüstandan, Rusiyadan, Dağıstandan gətirilir? Niyə süd idxalımız artır?

Son illər yeyinti məhsullarını idxal etmək üçün ölkədən 2 milyard 200 milyon dollar vəsait çıxarırıq. O məhsulları Azərbaycan fermerləri də istehsal edə bilərlər və həmin vəsait bizdə qalar. Azərbaycanın torpaq və iqlim şəraiti buna imkan verir, beləliklə, biz daha keyfiyyətli, daha ucuz məhsul əldə etmiş olarıq.

Azərbaycan adambaşına 81 kiloqram pomidor istehsal edir, qonşu Gürcüstan 15 kiloqram... Gürcüstanda bu ilin qış aylarında yüksək keyfiyyətli pomidorun qiyməti 2 manat 80 qəpik - 3 manat 10 qəpik arasında dəyişib. Azərbaycanda həmin keyfiyyətdə pomidor 5 manat 50 qəpik olub. İki dəfə yüksək.

Gürcüstan nefti, qazı idxal, Azərbaycan isə hasil və ixrac edir. Biz daha müqayisəli üstünlüyə malikik, çünki bizim neft və qazımız özümüzündür. Mən hələ Türkiyə ilə müqayisə etmirəm. Türkiyədə pomidorun qiyməti 2 manatdır. Onun ucuz olmasının səbəbi istehsal etdikləri məhsulun maya dəyərinin aşağı olmasıdır. Çünki xərclər aşağıdır. Həmçinin Türkiyə bazarında monopoliya yoxdur.

Ölkədə mütləq şəkildə fermerlərin biliyi artırılmalıdır. Bizdə çatışmayan bilikdir, bacarıqdır, idarəetmədə savadlı, təcrübəli kadrların yoxluğudur. Ümumiyyətlə, kadr yetişdirilməməsidir...

Nazirlikdə peşəkarlar azdır. Bir-iki mütəxəssis var, onlar da danışmaqdan qorxurlar.

Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri bu sahədən bixəbərdir. Mərkəzdə onlarla adam işləyir. Soruşun, nə işlə məşğuldurlar? Özləri üçün elmi əsər yazırlar, kitab buraxırlar. Halbuki bu adamlar heyvandarlıqda, bitkiçilikdə məhsuldarlığı artırmaq üçün proqnoz verməlidirlər. Bazarı dərindən öyrənməlidirlər.

Azərbaycanda peşəkarlar var, sadəcə onları yaxın buraxmırlar.

- Vahid bəy, son günlərin hava şəraiti hər kəsə məlumdur. Anomal hava şəraitinin mövsümü məhsulların yetişməsinə nə kimi zərərləri var?

- Son bir neçə ildə davamlı olaraq belə olub. Bu il sadəcə qeyri-sabit havanın müddəti bir az da çox uzandı. Yağış yağanda kənd təsərrüfatında iş dayanır - nə texnikadan, nə də əl əməyindən istifadə etmək olur. Səpin vaxtında olmayıbsa, indi səpmək mümkün deyil. Yağışdan qabaq səpilənlərin isə toxumu çürüyüb. Çünki neçə gündür nəm yerdə qalıb. Havanın soyuq olması bitkinin inkişafını dayandırır. Bəzi yerlərdə dolu düşdü, ağacların budağını sındırdı, yarpağını, meyvəsini tökdü. Bu mənada çox ciddi mənfi təsirləri var. Nə texnika, nə də əllə bunun qarşısını almaq mümkündü.

Amma istənilən halda bitkinin immun sistemi güclüdürsə, yağışlı havada, hətta dolu düşəndə də onun az sayda meyvəsini qopara bilər. Yaxşı qulluq görən bitki intensiv yağışlara dözür, bir müddətdən sonra havalar istiləşir və sürətlə inkişaf edir. Aqro-texniki qaydalara əməl olunmayan sahələrdə zəif bitən bitkidən isə məhsul gözləməyinə dəyməz.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər