20 May 14:10
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat partiyasının sonuncu qurultayı ilə yenidən başqanlığa qayıdan İsa Qəmbər partiya daxilində müəyyən dəyişikliklərə başlayıb. Müsavat partiyası məclisinin yeni tərkibdə ilk sessiyası keçirilib. Sabiq başqan Arif Hacılı Müsavat partiyasının məclis sədri seçilib. Eyni zamanda Gülağa Aslanlı, Nüşabə Sadıxlı, Razim Əmiraslanlı, Səxavət Soltanlı, Fərəc Kərimli və Mustafa Hacıbəyli İsa Qəmbərə müavin təyin ediliblər. Siyasi çevrələrdə yeni başqan müavinləri ilə bağlı fərqli yanaşmalar var. Onların həm partiya daxilində, həm siyasi arenada tanınan şəxslərin olmadığı, proseslərdə aktiv yer almaması ilə bağlı fikirlər səsələnir.

Mövzu ilə bağlı Teleqraf.com-a danışan sabiq müsavatçı Yadigar Sadıqlı hazırkı başqan və başqan müavinlərinin siyasi reputasiyasını dəyərləndirib.

O qeyd edib ki, hazırda Müsavat partiyasının potensialı bu kimi şəxslərin ortaya çıxmasına imkan verir:

“Partiyanın üzvləri arasında daha tanınmışları, üzdə olanları elə onlardır. Əldə olan material budur. Əsas məsələ İsa Qəmbərin təyinatlarıdır. Partiya məclis sədrinin və katibinin seçilməsi isə Müsavatda heç bir yenilənmə, novatorluğun olmadığını göstərir. Ona görə də, təzə nəsə gözlənilmir”.

Yadigar Sadıqlı hesab edir ki, Müsavat divarları daxilində üzə çıxaracaq adam qalmayıb:

“Ümumiyyətlə partiya öz potensialını itirib. Məsələ məhz bundan ibarətdir. Hazırda divan üzvlərinin çoxu cəmiyyət arasında tanınmır, siyasi çəkiyə malik fiqur deyillər. Partiyanın dirçəlməsi üçün gənclər gəlməlidir. İsa Qəmbər yeni bir fiqur deyil ki, gənclər həvəslənib partiyaya gəlsin. Müsavat indi potensialını ona görə itirib ki, gedənlər gedir, kimi partiyasını dəyişir, kimisi rəhmətə gedir, kimisi də siyasətdən çəkilir. Onların yerinə isə heç kəs, xüsusən də gənclər gəlmir. Ona görə də, partiyanın potensialı get-gedə aşağı düşür”.

Sabiq müsavatçı, AĞ Partiya başqanı Tural Abbaslıya görə də, Müsavat partiyasının hazırkı başqan müavinləri cəmiyyət üçün maraqlı deyillər:

“Cəmiyyətin bu adamlardan xəbəri yoxdur. Ölkədəki ictimai-siyasi proseslərə təsir etmək imkanları da çox tükənib. Siyasi proseslərə yön verə bilmirlər. Heç bir bir təsir imkanları yoxdur”.

Tural Abbaslı hesab edir ki, İsa Qəmbərin yenidən başqanlığa qayıdışı isə bir həftəlik ajiotaja görə idi:

“Bu da bitdi, vəssalam! Təsir imkanlarını itirmiş siyasi qüvvələrdir. İstəyirlər Corc Buşu gətirib özlərinə müavin etsinlər, yenə də heç bir xeyri yoxdur. 18 yaşından Müsavatda olmuşam, bu adamların içini bilirəm. Onlar gələcək nəsillər qarşısında Məhəmməd Əmin Rəsulzadənin partiyasının adını bu vəziyyətə saldıqlarına görə cavab verəcəklər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər