20 May 18:39
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfv Məsələləri Komissiyası işini davam etdirir, hər iclasda yüz ərizəyə baxılır. 28 May - Respublika Günü ərəfəsində imzalanacaq əfv sərəncamında kimlərin əfv siyahısına düşəcəyi ilə bağlı hələ yekun nəticə yoxdur. Yekun qərarı Prezident verir, əfv sərəncamının imzalanması birbaşa ölkə başçısının müstəsna səlahiyyətindədir.

Bunu Teleqraf.com-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, məsələ konfidensial müzakirə olunur:

“Səsvermə ilə demokratik ortamda kimin əfvə düşməsi məqsədəuyğundursa, müzakirələrdə bunu qərara alırıq. Amma bu siyahı yekun olaraq ölkə prezidentinə təqdim olunur. Onun təsdiqi olmadan adlar haqqında danışmaq doğru deyil. Komissiya işini başa çatdırmamış, protokollar imzalanmamış hər hansı bir şəxsin adının çəkilməsi məqsədəuyğun sayılmır. Biz işimizi yekunlaşdırmaq üzrəyik. Bu həftə də müzakirəmiz olacaq. Yəqin ki, əfv üçün nəzərdə tutulan və qanunvericiliyə uyğun olaraq bu hüquqdan yararlanmaq istəyən şəxslərin siyahısı yekunlaşdıqdan sonra belə sərəncam veriləcək”.

Deputat qeyd edib ki, siyahı tərtib ediləndə məhkumun törətdiyi əmələ münasibətdə səmimi peşmanlığı, dəymiş zərərin ödənilməsi, yaxud bu istiqamətdə real addımların atılması, zərərçəkmiş şəxslə barışıq kimi digər amillər nəzərə alınır: "Cəzasının yarıdan çoxunu çəkmiş, həbsdə olduğu müddətdə nümunəvi davranış sərgiləyən məhkumlar bu hüquqdan yararlanır".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər