13 İyun 2014 10:06
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə cinayəti törədənə 200 manat da cərimə kəsdi

Gəncə Hərbi Məhkəməsində əsgər yoldaşını öldürməyə cəhd edən çavuş Vüsal Cəfərovun məhkəməsi başa çatıb.

Vüsal Cəfərov xidmət etdiyi hərbi hissədə manqa komandiri vəzifəsini daşıyıb. O, 2013-cü ilin noyabrın 8-də əsgərləri sıraya düzüb. Həmin vaxt əsgər Məhəmmədəli Abbasov onun icazəsi olmadan sırada dayanmış əsgər Amil Ağayevi yanına çağırıb. Amil icazəsiz sıradan çıxıb.

Vüsal Cəfərov əsgərin onun icazəsi olmadan sıradan çıxmasından əsəbləşib. Şəxsi heyətin qarşısında Amil Ağayevə nalayiq söyüşlər söyüb, onu sıraya qaytararaq təhqir edib. Amil cavab qaytardıqda mübahisə yaranıb.

Manqa komandiri düzülüşün qurtardığını elan edərək şəxsi heyəti əsgər yataqxanasına göndərib. Aralarındakı mübahisəni davam etdirmək məqsədilə Məhəmmədəli Abbasovu əsgər yataqxanasının arxasına aparıb, onun bədəninin müxtəlif nahiyələrinə yumruq vurub. Əlbəyaxa olan çavuşla əsgər yerə yıxılıb. Məhəmmədəlinin müqavimətini görən Vüsal Cəfərov oradan uzaqlaşıb.

Davadan sonra əsgər yataqxanasının yanında siqaret çəkən Vüsal Cəfərov Məhəmmədəli Abbasovun hərəkətlərindən qəzəblənib. O, qisas almaq qərarına gəlib, yataqxanaya yollanaraq əsgər Sergeyev Vitalik İvan oğluna təhkim olunmuş AKM markalı avtomat silahını götürüb. Vüsal Cəfərov yataqxanada “Ay peysər, çıx qabağa” deyib, silahı Məhəmmədəli Abbasova tuşlayıb. Açılan atəş nəticəsində Məhəmmədəli Abbasov güllə yarası alıb.

Səsə zabit və əsgərlər yığışıb. Məhəmmədəli vaxtında xəstəxanaya çatdırıldığı üçün həyatını xilas etmək mümkün olub. Vüsal Cəfərov isə həbs edilib.

Çavuş Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd), 331.2, 331.3-cü (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) maddələri ilə ittiham edilib. Məhkəmənin hökmü ilə o, 7 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə həmçinin Vüsal Cəfərovu 200 manat cərimə edib.

Hacı


Müəllif:

Oxşar xəbərlər