17 İyul 2022 21:57
9 958
12 Punto 14 Punto 16 Punto 18 Punto

1940-cı illər. Avropa.

II Dünya müharibəsinin şiddətli şəkildə davam etdiyi dönəmdə Məhəmmədəmin Rəsulzadə yeni bir əsər qələmə alır: “Azərbaycan Cümhuriyyəti”.

Bu mövzuda əsərləri daha öncə də yazmışdı. 1923-cü ildə İstanbulda qələmə aldığı kitabı geniş maraq doğurmuş, sonuncu İslam xəlifəsinə də imzalayıb təqdim etmişdi.

İndi isə bir tərəfdən XII əsrdə yaşamış şairi İran mühitindən çıxarıb Azərbaycan şairi olduğunu isbat edəcək əsərini yazmaqda, digər tərəfdən isə yeni qaynaqlar əsasında qurduğu ölkənin tarixini qələmə almaqda idi.

Tarixçi olmasa da, ölkəsinin tarixini müasirlərindən daha dəqiq bilirdi. Xüsusi bir metodologiyası yoxdu, amma oxuduğu əsərlər əsasında öz yanaşmasını təqdim edirdi. Türk, fars, rus dilləri ilə yanaşı Avropa dillərinə də müəyyən qədər hakimdi. İndiyədək fransız, alman, polyak dillərində kitabları çıxmışdı. Əsərlərində əsas diqqəti Cümhuriyyət dövrünə yönəltdiyi üçün qədim və orta əsrlər tarixinə ötəri toxunmuşdu. Amma buna baxmayaraq bəzi düşüncələri müzakirəyə, tənqidə açıq olsa da, olduqca maraqlıdır. Bu mövzulardan biri də Səfəvilər məsələsidir.

Bu gün Şah İsmayıl Xətainin doğumunun 535-ci ildönümüdür. Bu baxımdan Rəsulzadənin Şah İsmayıl haqqında düşüncələri hər zaman maraq doğurub.
Daha öncə bu mövzuda bir dəfə yazmışdıq. Həmin sitatı yenidən təkrarlamağa ehtiyac duyuruq.

Belə ki, Rəsulzadə “Azərbaycan mədəniyyətinin qaynaqları” əsərində yazıb: “İllərdən bəri çevrələrindəki xalq kütlələri üzərində, bütün türk ellərindəki dədələr kimi dərin nüfuz və təsir sahibi olan Ərdəbildəki Şeyx Səfi ocağından zühur edən Şah İsmayıl şiə dövlətini qurmaq üzrə hərəkətə keçir. Avropalılarca xalis bir İran sülaləsi sayılan Səfəvi dövlətinin bu müəssisi isə həqiqətdə bir türk sufisi və azərbaycanlı bir şairdi. İstinad etdiyi qüvvət də tamamilə türk qüvvəti idi. Bu məzhəb türkmən qəbilələri, bu qüvvətin kökünü təşkil edirdi.

Onun sadə bir türkcə ilə yazılan ilahiləri rəsmi hüdudların çox irəlilərində belə türk topluluqlarının ruhları üzərində müəssir olurdu. Şah İsmayılın sarayı azəri türk ədəbiyyatının yaradıcı ocağı və bir akademiyası idi. Bu saraya Həbibi kimi şairlər mənsubdu. Şeirdə “Xətai” təxəllüsündən istifadə edən İsmayıl, xalqın vurulacağı sadə bir dillə yazırdı. Səfəvi sarayının rəsmi dili də türkcə idi. Qonşu dövlətlərə göndərdiyi notalar türkcə yazılırdı. Səfəvi İranın Osmanlılara göndərdiyi notalar türkcə ikən, Osmanlı sarayının Səfəvilərə yazdıqları notalar farsca idi. Rəsmi türk dövlətlərində misali yox ikən, çevrəsindəki türkdilli şairlər Şah İsmayıla “Türki-tacdar” deyə xitab edirlərdi.

İştə Tüfeyli adında hürufi bir şairin ona yazdığı xitabdan bir parça:

Qovsalar, eldən, ulusdan qövm ilə qardaşlar,

Dostlar düşmən olubən min atarsa daşlar,

Haqq bilir, budur sözüm, gər yüz gedərsə başlar

Qılmazam, vallahi, Türk-tacdarın tərkini.
Bu dövrdəki şairlər yalnız “Taclı türk”ə deyil, onun da xitab etdiyi əsil türk kütləsinə müvəffəqiyyətlə xitab edə bilmək üçün türkcə yazırlardı. İdarələrini yürütmək üçün içindən yetişdikləri mühitin zövqünə uyaraq onun ağıl və vicdanına qolay bir yol bula bilmək üçün özü ilə türkcə danışırlardı. Sonralar İran ideolojisi – deyə bəllənən şiəlik bu xüsusda özlərinə mane olmurlardı. Əksinə, bu, onların türkçülüyünü gərəkləndirirdi. Türk ədəbiyyatının parlaq günəşi Füzuli bu dövrün böyük sənətkarıdır”.

Rəsulzadənin arxivinə sahib olan dəyərli Türk alimi Yavuz Akpınar onun yazının girişində adını qeyd etdiyimiz əsərini əlyazmadan hazırlayaraq dərc edib. Bu əsərdə də Məhəmmədəmin bəyin Səfəvilərlə bağlı maraqlı fikirlərini oxuyuruq: “Qəribəsi budur ki, bugünkü şiə İranının banisi sayılan Səfəvi sülaləsi Azərbaycan – Türk dədələri arasından çıxdığı kimi, bu sülalə zamanında Azərbaycan daha çox türkləşmişdir. Səfəvi şahları İran ilə Anadolunun fərqli nöqtələrinə atılmış Türk əşirətlərini hökumətlərinin mərkəzi olan Azərbaycan və Arran tərəflərinə çəkərək yerləşdirirdilər. Ərdəbilə yaxın Muğanda yaşayan Şahsevən qəbilələri varlıqlarını bu yol ilə bulmuşlar”.

Bu əsərində Rəsulzadə Səfəvi şeyxlərinin soyuna da toxunub: “XV əsrdə ortaya çıxan Səfəvi sülaləsinin söykəndiyi şeyxlər Azərbaycan Türkləri arasında böyük nüfuz və təşkilat sahibi olan Oğuz dədələrimizdən ibarət idi. Ərdəbil şeyxlərindən Cüneyd öz hakimliyini şimala doğru genişlətmək üçün Şirvan şahı ilə toqquşmuş və şahın yardımına gələn Ağqoyunlular tərəfindən öldürülmüşdür. Fəqət sonra Səfəvi sülaləsini dirildən Şah İsmayıl Şirvan ilə Dərbəndi almağa müvəffəq olmuşdur. Şah İsmayıl şiəliyi şüar edərək siyasi mücadiləyə dini bir rəng vermişdir. Osmanlı sülaləsi ilə savaşan Səfəvilər bu din bayrağı ilə Anadoludakı Qızılbaşlığı oyatmış və Cəlali üsyanlarını çıxartmışlar”.

Əsərin davamında Rəsulzadə Şah Təhmasib və Şah Abbas dövründəki Səfəvi-Osmanlı müharibələrinə toxunub.
Təbii ki, Rəsulzadə əsas fəaliyyəti tarixçilik olmadığı üçün geniş şəkildə bu mövzuya toxunmaq istəməyib. Onun əsas məqsədi Cümhuriyyətə qədərki tariximiz haqqında xülasə vermək olub.


Müəllif: Dilqəm Əhməd