18 İyul 2022 22:39
10 688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşirin anım günüdür.

1921-ci il iyul ayının 18-də, gecə saat 23:00 radələrində İstanbulda “Pera palas” hotelinin yaxınlığında erməni terrorçu Misak Torlakyan Behbud xan Cavanşiri qətlə yetirib.

Ağır yaralı halda xəstəxanaya çatdırılsa da, 35 dəqiqə sonra vəfat edib. Behbud xanın qardaşı Cəmşid xan və polis məmuru Əli əfəndi qatil Torlakyanı tuta bilib.

1921-ci il avqustun 18-də işğal qüvvələrinin komandanı, general Harrinqtonun əmri ilə qatil hərbi məhkəmədə mühakimə olunub. İngilis işğalındakı İstanbulda baş tutan məhkəmədə türklərin qələbə qazanması mümkünsüz idi.

Əhməd bəy Ağaoğlunun həyat yoldaşı Sitarə xanımın xahişi ilə tanınmış vəkil Haydar Rifat bəy Cavanşirlər ailəsinin mənafeyini müdafiə edib. Məhkəmədə Behbud xanın parlamentdəki həmkarlarından Şəfi bəy Rüstəmbəyli, Əhməd Həmdi Qaraağazadə və azərbaycanlı tələbə Səməndər bəy şahidlik ediblər.

1922-ci il yanvarın 4-də biabırçı məhkəmə hökmü elan edilib: Misak Torlakyan cinayəti affekt halında törətməsi iddiası ilə azad olunub.

Nəticədə, qatil ABŞ-a qaçırılıb, uzun illər orada yaşayıb. Behbud xan ölümündən üç gün sonra, 20 iyul 1921-ci ildə İstanbulda, Beşiktaşdakı Yəhya Əfəndi dərgahında dəfn edilib.

Behbud xanın qətli Türkiyə mətbuatında geniş əks-səda doğurub. Məhkəmə prosesinin stenoqramı “İleri” qəzetinin mühərrirlərindən Əhməd Cəmaləddinin sayəsində günümüzə çatıb. 1921-ci ildə onun “Zamanımızın en büyük ve merakaver muhakemesi. Torlakyan davası” adlı kitabı nəşr olunub.
Azərbaycanlı mühacirlər də xatirələrində qətl günü ilə bağlı yazıblar.

Əhməd bəy Ağaoğlunun qızı Sürəyya xanım bunları yazıb: “Atam Maltadan qayıtdıqdan sonra erməni dostlarından bir nəfər professor bizə gələrək, onun ermənilərin “qara siyahı”sında olduğunu, atamı sevən dostu kimi onu xəbərdar etməyi özünə borc bildiyini və buna görə də sayıq hərəkət etmək lazım gəldiyini söylədi...

Azərbaycanın daxili işlər naziri Behbud xan Cavanşirin də “qara siyahı”da olması xəbərini almışdıq. Elə bu arada Behbud xan xanımı və iki qardaşı ilə Parisə getmək üçün (oradan da Almaniyaya gedəcəkdilər) İstanbula gəlmişdi. Özü vəziyyətə tez uyğunlaşan adam idi və bizim Şahzadəbaşındakı evimizdə beş gün gizli yaşadı. Ancaq rus əsilli xanımı bu cür “həbs” həyatına dözə bilməyəcəyini söylədiyindən evimizi tərk edib “Perepalas” mehmanxanasına yerləşdilər.

Ertəsi gün səhər tezdən anama Behbud xanın axşam “Perepalas”a gələrkən bir erməni tərəfindən vurulduğu xəbəri gəldi. Anam dərhal “Perepalas”a getdi, Behbud xanın xanımı ilə qardaşlarını bizə gətirdi və vəkilliyi qəbul etməsi üçün vəkil Haydar Rıfat bəylə görüşdü. Haydar Rıfat bəy məmnuniyyətlə qəbul etdi...

Mən bir az ingiliscə bildiyim üçün Haydar Rıfat bəy tərcümələrin doğruluğunu yoxlamağımı rica etdi və məhkəmədə olmağım üçün lazımi icazəni aldı”.

Sürəyya xanım illər sonra Behbud xanın qatilinə ölüm hökmü istədiyi üçün vəzifəsindən uzaqlaşdırılan Rickatson Hatt ilə görüşüb: “İllər sonra Rickatson Hatt ilə Londonda qarşılaşdığımız zaman keçmişdən danışdıq. Mənə bu məhkəmənin rəisi ilə Çində qarşılaşdığını, aralarında bu məhkəmədən bəhs etdiklərini söylədi”.

Rəis Rickatson Hatta belə deyib: “Biz o zaman sizə hirslənmişdik. Amma siz işi daha yaxşı qavramış, bizdən daha yaxşı müşahidə etmisiniz”.

Əhməd bəyin oğlu Səməd Ağaoğlunun Behbud xanla bağlı xatirələri isə belədir: “Behbud xan uca boylu, ağbəniz, qara qaşlı, iri qara gözləri olan yaraşıqlı bir adamdı. Şirin azəri şivəsi ilə danışır, hərəkətləri, sözləri, duruşu cansıxıcı olmayan, sevimli bir müsafirdi. Evimiz yenə də Qarabağ havası ilə dolmuşdu. Anam da bu hava içərisində daha az xəstə, daha az yorğun görünürdü. Lakin bir tərəfdən işləri, o biri tərəfdən də bütün günü dörd divar arasında oturmanın sıxıntısı Behbud xanı bayıra itələyirdi. Gənc xanımı da Bəyoğlunun insan qələbəliyi içərisinə qarışmaq, bunun ardınca da mümkün qədər tezliklə özünü Parisə çatdırmaq istəyirdi. Behbud xan bu təzyiqlərə davam gətirmədi, günlərin birində anamın bütün xəbərdarlıqlarına baxmayaraq, “Daha təhlükə sovuşdu” deyərək, “Perepalas” hotelinə yerləşdi. Heyhat, üstündən heç qırx səkkiz saat keçmədən bir gecə yarısına doğru hotel önündə sükutu iki dəfə pozan silah səsi, yerə yıxılan bir kölgə, qaçışan insanlar, bir qadının ürək parçalayan fəryadları anamın hər şeyi qabaqcadan sezmə qüdrətini bir daha isbat etdi. Torlakyan adlı bir erməni Behbud xan Cavanşiri öldürmüşdü. Həzin bir cənazə törəni, ardından aylarla davam edən bir məhkəmə, qatilin müqəssir olduğu, lakin tutulduğu əsəb xəstəliyi səbəbindən cinayət üçün məsuliyyət daşımadığı haqqında çıxarılan bir qərar”.

Cümhuriyyətin maliyyə naziri Əbdüləli bəy Əmircan isə o gecəni belə xatırlayıb:
“Düşmən işğalı altında olan gözəl İstanbulda da həyat Azərbaycandakından fərqsizdi. İşğal qüvvətləri komandanlarına nüfuz etməyə müvəffəq olmuş ermənilər əksəriyyətlə onların tərcümanlığını və ya mehmandarlığını edirdilər. Vapurdan düşənləri təsbit edir, arzuladıqlarını həbs etdirirdilər. Bu səbəbdən ozamankı İstanbul polis müdiriyyəti-ümumiyyəsinin qarşısında olan “Məşrutiyyət” hotelində 20 ay qaldım. Bakıdan tanıdığım bir çox erməni Azərbaycandan gələnləri nəzarətdə saxlayırdılar. Bəyoğlu tərəfindən keçə bilmirdik. Hər an ermənilər tərəfindən öldürülmək ehtimalımız vardı.

O gecə mən Azərbaycan məbuslarından bir arkadaşımın Sultan Əhməddəki evinə dəvət edilmişdim. Bir az gec qaldığım üçün Cavanşir ilə görüşə bilmədik. Halbuki arkadaşım o gecə Bəyoğluna getmiş və Pera Palas hotelinin qarşısından keçərkən Torlakyan adında bir erməni tərəfindən atəş açılmış və zavallı Cavanşir cansız şəkildə yerə sərilmişdi. Bu kədərli hadisə hamımıza müdhiş təsir göstərdi. Demək, ermənilər Azərbaycan türklərinin milliyyət ruhunu daşıyanlarını tək-tək yox etmək yolunu seçmişlər və gündən-günə bunu gerçəkləşdirməyə başlamışdırlar”.
Behbud xanın öldürülməsi Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Həsən bəy Ağayevdən sonra ermənilərin və rusların Azərbaycan Cümhuriyyəti liderlərinə qarşı başlatdıqları qətllərin davamı idi...


Müəllif: Dilqəm Əhməd