“Fokus” analitik kino jurnalının 12-ci nömrəsi işıq üzü görüb.
Teleqraf.com xəbər verir ki, jurnal Azərbaycan Respublikası Mədəniyyət nazirliyi və Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) maliyə dəstəyi ilə çap olunub.
"Fokus" peşəkar və tələbə kinematoqrafçıların nüfuzunu qazanmış, regionda yeganə analitik kino jurnalıdır. Jurnalın daimi müəllifləri arasında Aygün Aslanlı, Aliyə Dadaşova, Sevda Sultanova və Nadir Bədəlov kimi tanınmış imzalar var.
Jurnalın redaksiyasından saytımıza bildirilib ki, müəlliflər sırasına sənətşünaslıq elmləri namizədi, kinoşünas Əlisəfdər Hüseynovun da daxil olmasından məmnundurlar və müəllif heyətinin genişləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyi hesab edir ki, kinoşünaslığın inkişafı, kinoşünas kadrların hazırlanması kinomuz qarşısında duran ümdə vəzifələrdəndir.
"“Fokus” kino jurnalı bu məqsəd üçün uğurlu bir platformadır. Azərbaycan Kinematoqrafçılar İttifaqının kinoyazar.az saytı bu məqsədlə yaradılmış layihələrdəndir"- İttifaqdan bildirilib.
AKİ-nin katibi, jurnalın baş redaktoru Əli İsa Cabbarov saytımıza açıqlamasında jurnalın bu sayındakı məqalələrin ana mövzu ətrafında formalaşdığını söyləyib:
"Ana mövzu isə “kino və poeziya”, poetik kinodur. Azərbaycan ədəbiyyatı, xüsusi ilə poeziyası çox zəngindir və kinomuza parlaq vizual obrazlar, kino dili bəxş edə bilər. Poeziyamız kinomuza dünyaya çıxmağa kömək edə biləcək özünəməxsusluq verə bilər.”
"Fokus"un bu nömrəsində Georgi Ovaşvili, Dərviz Zaim, Semih Kaplanoğlu, Elçin Musaoğlu kimi tanınmış kinorejissorlarla eksklüziv müsahibələr yer alır.
Bundan başqa Şəhanə Ürfan, Aygün Aslanlı, Əlisəfdər Hüseynov və Nadir Bədəlov poetik kino ənənələrini milli və dünya kinosu nümunələrində analiz edirlər. Tof Filds, Ruben Estlund kimi kinematoqrafçıların yaradıcılığı da jurnalın fokusundadır. Sevda Sultanova Oktay Mir Qasımın, Lamiyyə Abbas Tengiz Abuladzanin yaradıcılığını analiz edən məqalələrlə çıxış ediblər. Hilal Baydarovun Beynəlxaq Kino Festivallarının iştirakçısı olmuş “Balıqlara xütbə” filmini Aliyə Dadaşova analiz edib.
Jurnal iyul ayının 10-dan "Libraff" kitab mağazaları şəbəkəsində yayımlanacaq. Kinematoqrafçı tələbələr isə jurnalı Kinematoqrafçılar İttifaqının ofisindən pulsuz əldə edə bilərlər.