Rusiya prezidenti Vladimir Putin Oliver Stounun "Alovlar içində Ukrayna" filmi üçün müsahibə verib.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, Putin söhbət zamanı Krım problemi, NATO və Ukrayna məsələləri ilə bağlı sualları cavablandırıb.
O bildirib ki, krımlıların Rusiyaya birləşməklə bağlı seçimlərinə hörmətlə yanaşmaq və ikili standartlardan qaçmaq lazımdır: "İnsanların seçimlərinə hörmət etmək lazımdır. Bu məsələnin lehinə 90 faiz insan səs verib. Bizim Krımda heç bir hərbi əməliyyatımız olmayıb. Heç kim atəş açmayıb, heç kim kimsəni öldürməyib. Demokratiya - xalqın iradəsinə əsaslanan siyasətdir. Xalqın idarəsi necə bəlli olur? Bu, müasir dünyada səsvermə ilə mümkündür".
NATO ilə münasibətlər
Prezidentin sözlərinə görə, NATO üzv ölkələri "itaət"də saxlamaq məqsədilə onlar üçün xarici düşmən obrazı yaradır: "Mən bəzən tərəfdaşlarımızın məntiqini başa düşmürəm. Mənə elə gəlir ki, NATO üzv ölkələrdə təsirini saxlamaq və nizam-intizam yaratmaq üçün xarici düşmən obrazı yaradır. İran buna bariz nümunədir. Bilmək istəyirsiz ki, Rusiya NATO-nun hərbi varlığını artırmasına niyə kəskin reaksiya verir? Bizi qəbul edilən qərarların təcrübəsi narahat edir. Mən bilirəm ki, NATO-da qərarlar necə qəbul edilir. NATO-ya üzv olan ölkələr Şimali Atlantika Alyansı və ABŞ kimi güclü dövlətlərə müqavimət göstərə bilmir. Ona görə də bu ölkələrdə asanlıqla raket əleyhinə müdafiə qurğuları, yeni bazalar yerləşdirilə bilər. Bəs biz nə etməliyik? Bu vəziyyətdə biz cavab tədbirləri görməliyik. Ya öz raket sistemimizi zərbə altına qoymalıyıq, ya da ki bizə təhlükə törədən silahları məhv etməliyik. Bu hal vəziyyəti gərginləşdirir. Biz başa düşürük ki, dünya dəyişir. Hər şeyi "soyuq müharibə" dövründə olduğu kimi dondurulmuş vəziyyətdə saxlamaq olmaz. Gələcəyə baxmaq lazımdır".
Ukraynadakı vəziyyət
Putin bildirib ki, Ukrayna xalqı SSRİ dağıldıqdan sonra hakimiyyətə kimlərin gəlməsindən asılı olmayaraq, sistematik soyğunçuluqla qarşılaşıb. Rusiya prezidenti bu məsələdə Ukraynadakı həyat səviyyəsinə, dövlət əmlakının mənimsənilməsinə və "vəhşi özəlləşdirməyə" diqqət çəkib: "Hakimiyyətin əvəz olunmasına baxmayaraq, insanların yaşayış səviyyəsi dəyişməz qalıb. Ölkəyə başçılıq edənlər xalqı, vəyəndaşları soyub talamaqla məşğul olublar. Əlbəttə, insanlar bundan yorulublar".
Samir