Belçika parlamentində qarşıdurma yaranıb. Aşırı sağçı deputat Jan Penris həmkarı Karina Van Quateri iki dəfə “sürtük” deyə çağırıb.
Teleqraf.com xəbər verir ki, mübahisə tərəflərin İŞİD-ə qoşulan ölkə vətəndaşlarının geri qayıtması mövzusunda müzakirələr zamanı baş verib.
Bu ifadədən sonra parlamentdə mübahisə düşüb. Sonradan vəkil Jan Penris işlətdiyi ifadəyə görə həmkarı Karina Van Quaterdən üzr istəməli olub.
Mübahisə yaranan zaman digər millət vəkili Naşal Ben Hamou Jan Penrisi tənqid edib. Anası türk olan Naşal Ben Hamou “bir qadına sürtük demək və onu ittiham etmək qəbuledilməzdir. Demokratik cəmiyyətdə hər kəsin fikrinə hörmətlə yanaşılmalı, əsla təhqir edilməməlidir. Deputatın cəmiyyətə nümunə olması lazımdır” ifadəsini işlədib.
Jan Penris isə Van Quaterdən üzr istədikdən sonra müvəqqəti olaraq siyasətdən çəkildiyini elan edib.
Parlamentin fraksiya sədri Filip Devinter isə bildirib ki, Jan Penrisi 35 ildir tanıyır və onun alkoqol problemi var.