Qazaxıstan Səhiyyə Nazirliyi hamiləliyinin 12-ci həftəsində olan hər bir qadına 425 min təngə (2 min AZN-ə yaxın) pul ödənilməsi təşəbbüsü ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Tengrinews.kz” saytı bildirib.
“Belə bir təşəbbüsü var. Biz 10 minimum əmək haqqının məbləği qədər – 425 min təngə ödənilməsini təklif edirik. Lakin bu, hələlik yalnız təşəbbüsdür, hazırda digər dövlət orqanları ilə müzakirə aparırıq”, – deyə Səhiyyə Nazirliyinin hüquq departamentinin direktoru Talqat Turmaqambet bildirib.
Bu təşəbbüslə nazirliyin ekspertləri çıxış edib. Onların fikrincə, bu addım qadınların özünün və gələcək uşaqlarının sağlam olmasına dair məsuliyyətini artıracaq. Təklifi əsaslandıran Qazaxıstan Milli Elmi Onkologiya Mərkəzi sədrinin müavini Gülnar Kulkayeva bunun beynəlxalq tövsiyə olduğunu bildirib: “Hazırda bütün dünya bu cür işləyir”.
Bu vəsaitin maddi durumundan asılı olmayaraq bütün qadınlara ödənilməsi də təklifdə öz əksini tapıb. Bununla belə vəsaitin hamilə qadınlara birdəfəlik deyil, hamiləlik dövründə hissə-hissə, sonuncu hissəsinin isə hamiləliyin son dönəmində ödənilməsi təklif olunur.
Təşəbbüsün “2020-2024-cü illərdə səhiyyə xidmətlərinin inkişafı” dövlət proqramına daxil ediləcəyi gözlənilir.