27 Avqust 2019 22:13
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Şərqi Türküstanda yaşayan uyğur türklərini zorla pampıq tarlalarında günəmuzd işlətdiyi bildirilib.

Musavat.com xəbər verir ki, Mərkəzi Vaşinqtonda olan "Vətəndaş Gücü Təşəbbüsü Təşkilatı" Şərqi Türküstanda zorla çalışdırılan məhkumlarla bağlı yığıncaq keçirərək Çinin Şərqi Türküstanda tətbiq etdiyi zorla çalışdırma siyasətini araşdıran hesabat paylaşıb.

Təşkilatın sözçüsü Linçao Han Çinin Şərqi Türküstanda həyata keçirdiyi siyasətə etiraz edrərək bunları deyib:
"Çin Şərqi Türküstanda müxalifləri cəzalandırmaq üçün çoxlu belə düşərgələr yaradıb. Buna görə də beynəlxalq və yerli ticarət sektorunda böyük rol oynayan Sincanda istehsal olunan pambıq Çinin pambığa olan tələbatının yüzdə 84 faizini ödəyir. Bu cür sürətli artımın böyük hissəsi də uyğur türklərinin saxlanıldığı ərazilərə təsadüf edir".

Sincanda təşkil olunmuş bu cür düşərgələrdə işləyən Şərqi Türküstanlı Tahir Hamut keçirilən yığıncaqda öz iş təcrübəsini paylaşıb. Hamut Türkiyəyə universitetdə təhsil almaq üçün gedəcəyi bir dönəmdə xaricə gizli məlumat ötürdüyü bəhanəsilə həbs olunub və bundan sonra bu cür düşərgələrdə günəmuzd işləməyə məcbur edilib.

"Mənim işlədiyim düşərgədə siyasi motivlərə görə tutulmuş 250 məhkum var. İnsanların yaşam şəraiti və iş mühiti olduqca ağır idi. Çox kiçik bir otaqda səhərdən axşamadək işləyirdik, yalnız bazar günü istirahət edirdik. Bu şərtlərdə çalışan işçilərin bir çoxu xəstələnərək iş qüvvəsini itirdi. Üstəlik bu qədər əməyin qarşılığında pul almırdıq” – deyə Hamut bildirib.

Yığıcaqda danışan "Uyğur İnsan Haqları" layihəsinin rəhbəri Luiz Qreyv "Disney", "Adidas", "Ralph Lauren", "Tommy Hilfiger", "Nike", "Gucci", "Armani" kimi bir çox məşhur firmaların hələ də Sincanda istehsal olunan pambığı almaqda davam etdiklərini bildirib.

Qreyv eyni zamanda bir çox başqa firmaların bu cür pambıq istehsal edən şirkətlərlə əməkdaşlığı dayandırmalarına baxmayaraq, həmin firmaların başqa adla fəaliyyətə keçdiklərini də söyləyib.

Şərqi Türküstanda işçi qüvvəsi kimi istifadə olunan uyğur türkləri həmçinin bir təcrübə obyekti kimi də istifadə olunur. Qreyv bildirib ki, uyğur türkləri üz tanıma sistemləri, bir çox izləyici cihazların yaranmasında əsas təcrübə vasitələri olub. Bir çox beynəlxalq quruluşlar uyğur türklərindən bu cür istifadəni dayandırmaları üçün Çin Xalq Respublikasına müraciət ediblər. Çin tərəfi isə hər dəfə bütün bu iddiaları rədd edib. Onlar uyğur türklərindən məcburi işçi qüvvəsi kimi yox, onların dövlətə inteqrasiya olunması üçün yaradılan düşərgələrdə cəmiyyətə yararlı vətəndaş kimi yetişdirildiklərini bildiriblər.

BMT və digər beynəlxalq təşkilatlar təşkil olunan yığıncaqda uyğur türklərinin cəlb olunduğu düşərgələrin mediaya açıq olması üçün Çinə müraciət ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər