14 Noyabr 2019 09:05
2 774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Attilanın uşaqlıq həyatı haqda çox az məlumat var. Doğum tarixi dəqiq bilinməsə də, V əsrin əvvəllərində dünyaya gəldiyi ehtimal edilir. Muncuq xanın oğlu Atillanın 30 qurşaq – Nəmruda qədər nəsil-şəcərəsi məlumdur.

Teleqraf.com Hun İmperiyasının hökmdarı Atilla haqda yazını təqdim edir.

Əmisi Rua hun tayfasının hökmdarı, atasının adı isə Muncuq xan idi. Atillanın anasının kimliyi bu gün də bilinmir, lakin bəzi mənbələrdə adının Hunqysunq Vladdysurf olduğu deyilir. Bu adın son dönəmlərdə uydurulduğu iddiası var. Atillanın Bleda adlı bir qardaşının olduğu, lakin hun qəbilələrini birləşdirib yeganə hökmdar olmaq məqsədilə onu öldürdüyü söylənilir.

Attila və Bleda hunların gələcəkdəki lideri kimi yetişdirilirdi, bu məqsədlə onlara romalılar və qotların dilləri də öyrədilmişdi.

Şərq və Qərbi qorxuya salan türk

Qərb və Şərqdə adı ərşə yüksələn, gücü və qüdrəti ilə “Tanrının qırmancı” adlandırılan Atillanın uğurları onun haqda iri cüssəli bir adam olması təəssüratını yaradıb. Lakin Atilla boyu ilə yox, ağıllı bir hökmdar kimi adını tarixə yazdırıb. Hun imperatoru görünüşcə qısaboylu, geniş çiyinli, kiçik gözlü, seyrək saqqallı və yastı burunlu idi.

Uşaqlığı at belində keçən Atilla peşəkar bir süvari, ox, yay, qırmanc və kəmənd kimi dövrün döyüş alətlərindən istifadə etməkdə usta idi. Bütün bunlar hunlar arasında ənənəvi olsa da, əsilzadə soylardan gələnlər bunları mütləq bilməliydi.

Atilla da əsilzadə soydan gəlir və hələ erkən yaşlarından döyüşlərə qatılırdı. Liderlik xarakteri elə o illərdə formalaşmışdı. Atillaya görə, ehtiras və cəsarət, arzu və duyğusal güc, fiziki qüdrət, hissiyyat və müqavimət, ehtimal və doğru vaxt seçimi, rəqabət və özünəinam, məsuliyyət və inandırma bacarığı, qətiyyət və güvənilən olmaq liderin vacib özəllikləridir.

Qəzəbli, qəddar, ağıllı və mərhəmətli

Atilla dövründə yaşayan xalqlar arasında nüfuzlu bir şəxsiyyət idi. Sadə xalq nümayəndələrinin fəaliyyətlərinə görə Atilla tərəfindən mükafatlandırılması onun cəmiyyətə yaxın olmasını göstərirdi. Bu da xalqın ona rəğbətini artırırdı.

Habelə Atilla xeyirxah və əliaçıqlığı da vacib hesab edirdi. Çünki ancaq bu yolla dövlətdə intizam və nizam yaratmaq mümkün idi. Atillanın bu amillərə önəm verməsi xalqı ona daha da yaxınlaşdırmışdı.

Atilla qəzəbli xarakterə sahib idi. Başını həmişə arxaya çəkməsi və ətrafına həmişə diqqətlə baxdığı üçün bu, onu görənlərdə əsəbi və inadcıl bir hissiyyat oyadırdı. Hun imperatorunun qəzəbinin qarşısına çıxmaq mümkün deyildi. Atilla bu xüsusiyyətindən düşmənləri üzərində psixoloji üstünlük qazanmasını da təmin edirdi.

“Mədəniyyətsiz barbar”

Digər türk fatehləri kimi Atilla da avropalılar tərəfindən “barbar” kimi qəbul olunurdu və Avropada çox pis bir ada sahib idi.

Hun hökmdarları “mədəniyyət düşməni”, “qatil” və “mədəniyyətsiz barbar” kimi təsvir edilirdi. Lakin heç nə göründüyü kimi deyildi, Atillanın müsbət xüsusiyyətləri çox idi və bunu avropalı tarixçilərin özləri etiraf edir.

Fransız tarixçi Jordan onun haqda yazırdı: “O (Attila), əsl müharibə tərəfdarı idi, amma öz nəzarətində olanlara qarşı mərhəmətliydi, dəqiq və güclü bir natiq idi”.

Bleda müəmması

Rua 433-cü ildə Konstantinopola hücum zamanı vəfat etdi. Liderlik Atilla və Bledaya keçdi. Lakin Bleda Tuna çayı boyu Bizansa qarşı aparılan savaşda tarixə qovuşdu. Jordana görə, hun qəbilələrinin əksəriyyətinin hökmdarı olan Bleda qardaşı Atilla tərəfindən öldürülmüşdü. O, bundan sonra bütün hunları öz hakimiyyəti altında birləşdirdi.

Bir çox mənbə isə Bledanın Atilla tərəfindən yox, Bizansla müharibədə həlak olduğunu iddia edir. Romalı tarixçi Priskus Bledanın ölümünü sənədləşdirməsə də, arvadının bir hun kəndində başçı olduğunu yazmışdı. Bu, Atillanın qardaşının arvadına olan hörmətindən irəli gələ bilərdi. Attilanın ailə üzvlərinə bağlı bir şəxsiyyət olması Priskusun bu qeydindən də görmək mümkündür:

“Attilanın çıxışlarında və davranışlarında dəyişməyən üz ifadəsi kiçik oğlu (Ernak) içəri girib qarşısında dayananda dəyişirdi. Uşağın yanaqlarını yavaşca sıxar və sakit bir nəzərlə ona baxardı“.

Priskus qeydlərinə belə davam edir: “Digər övladları ilə müqayisədə bu oğlu ilə daha çox maraqlanması məni təəccübləndirmişdi. Bu o vaxta qədər davam etdi ki, yanımda oturan və latın dilində danışan barbar məndən bu barədə kimsəyə danışmamağımı istədi. Kahinlərə görə, Atilla uğursuzluqla üzləşəcəkdi, amma bu vəziyyət oğlu tərəfindən dəyişdiriləcəkdi”.

Papanın diz çökməsi

Atilla verdiyi vədi yerinə yetirən hökmdar olub. Priskusun qeydlərinə görə, romalılar sülh içində yaşamaq üçün hər il 440-cı ilədək hunlara 700 min funt dəyərində qızıl xərac ödəyib. Bundan əvvəl isə 422-ci ilə qədər romalılar sadəcə 350 min funtluq xərac verib. Atilla vədini yerinə yetirərək, xərac ödənildiyi üçün Romaya toxunmayıb.

Atillanın türk tarixi üçün ən böyük xidməti hunları birləşdirərək böyük bir güc olduğunu sübut etmək idi. Atillanın liderliyindəki hunlar Balkan yarımadasına hücum etdi, Qalliyanı ələ keçirərək İtaliyaya keçdilər və Papa I Levin müdaxiləsi olmasaydı, Romanı da diz çökdürəcəkdi. Lakin papa Romadan əvvəl onun qarşısında diz çökərək bunun qarşısını aldı.

Atilla hunlar dağılmağa başlayanda ortaya çıxmışdı və pərakəndə formada olan hun qəbilələrini birləşdirərək böyük bir imperiya qurdu. Romanı da özünə tabe edərək, bu böyük imperiyadan gələn təhdidlərin qarşısını aldı.

İmperatorun ölümü

İmperatorun ölümü haqda 448-ci ildə Atillanın sarayında olan romalı tarixçi Priskusun qeydlərindən bilirik. Priskusa görə, Atilla İtaliyadan qayıdarkən yolda gördüyü gənc qot qadını İldiko ilə toyunu qeyd edirdi və sərxoş halda yatağına uzandı. Səhəri gün qadını imperatorun cəsədini yanında ağlayan gördülər. Gecə yatarkən Atillanın burnundakı damarlardan biri partlamış və qan boğazına axaraq onu boğmuşdu. Təxminən 47 yaşında ölən Atilla hun ordusuna 20 il komandanlıq etmişdi.

Ətrafındakı hərbi elitanın nümayəndələrinin əksinə olaraq, Atillanın həyat tərzi sadə idi. Taxta qədəh və boşqablardan istifadə edir, sadə geyinir, qılıncının üzərində heç bir bəzək olmurdu. Lakin cənazə mərasimi bu qədər sadə keçmədi. Qızıl, gümüş və dəmirdən hazırlanmış rəngli tabutda dəfn olundu.

Öldüyü məkan indiki Macarıstan olsa da, məzarı heç vaxt tapılmadı. Məzarının yeri gizli saxlanılması üçün onu dəfn edənlər geri qayıtdıqdan sonra öldürüldü.

Qızıl və müharibə

Atilla uğurunun bir hissəsini ordusunun sürəti və manevr qabiliyyətinə borclu idi. Dövrün digər orduları ilə müqayisədə hunlar bütün hava şərtləri daxilində döyüşə bilirdi. Müharibə vaxtı hun oxçuları 10 dəqiqədə 50 min ox atmağı bacarırdı. Amma Atilla qəddar bir hərbçidən daha çox hiyləgər bir vasitəçi idi. Bir-biri ilə düşmən münasibətdə olan dövlətlər və ya şəhərlər arasındakı qarşıdurmanı öz xeyrinə çevirməyi bacarırdı.

Üstəgəl, hədəf aldığı bölgələrdə kənardan xaos və qarışılıq yaratmağı bacaran bir siyasətçi di. Bütün bunları həyata keçirmək və müharibədə əsir götürülənləri qorumaq üçün böyük bir qızıl xəzinəsi vardı. Atilla imperiyasını böyük bir qorxu üzərində inşa etmişdi. İstədiyi torpaq və iqtidar yox, itaət və qənimət idi.

Tez-tez dəyişən müttəfiqlərini idarə edə bilmək üçün xəzinəsində həmişə kifayət qədər qızıl olurdu. Qızıl tədarük etmək isə müharibə deməkdi.

Hunların tarix səhnəsindən çıxması

Macarıstandakı qərargahından ordunu Şərqə, Şərqi Bizans, İtaliya, Qalliya və Qərbi Romaya yönəltmişdi. Nəhayət, 451-ci ildə hunlar Roma ilə qarşı-qarşıya gəldi. Atillanın anlaşmaq istedadı o qədər yüksək idi ki, savaşdan əvvəl Avropadakı hər dövlət və hər qəbilə onun tərəfində dayanmağa məcbur qalmışdı. Bu savaş həm Hun, həm də Roma imperiyası üçün sonun başlanğıcı oldu.

Romalılar və müttəfiqləri qotlar savaşı çox az fərqlə qazanmışdı. Roma legionları o qədər azalmışdı ki, bir daha müharibəyə girə bilmədi. Roma 455-ci ildə bu dəfə barbarların hücumuna məruz qaldı. Beləliklə Konstantinopolda sıxılıb qalan imperiya öz varlığını 800 il burada davam etdirdi. Atillanın qurduğu qarışıq ittifaq şəbəkəsi və onun ölümündən sonra sırası azalan hun ordusu son məlubiyyətlə üzləşib tarix səhnəsindən çıxdı.


Müəllif: Mənsur Rəğbətoğlu