7 Yanvar 2020 10:33
2 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranlı general Qasım Süleymani sui-qəsdinin müəllifi ABŞ Dövlət katibi Mayk Pompeodur”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzetində dərc olunan məqalədə bildirilib.

Nəşr sui-qəsdin Pompeo üçün “bürokratik zəfər” sayıla biləcəyini, amma bunun ABŞ üçün ağır nəticələr verəcəyini iddia edib.

Qəzet Ağ Evdəki rəsmi mənbəyə istinadən qeyd edib ki, Pompeo ABŞ-ın İraqdakı səfirliyi silahlı hücuma məruz qaldıqdan sonra hər gün Prezident Donald Trampa zəng edib.

Keçən il İranın Amerikanın dronunu vurmasına silahlı cavab verilməsinə təkid edən Pompeonun əksinə olaraq, Donald Trampın bu təklifi rədd etdiyi vurğulanıb. Məlumata görə, dövlət katibi bir neçə ay əvvəl ABŞ prezidenti ilə Qasım Süleymani məsələsini müzakirə edib. Lakin həmin vaxt nə Tramp, nə də Pentaqon belə bir planı həyata keçirməyə hazır idi.

“Vaşinqton Post” dekabrın 27-də ABŞ-ın Kərkükdəki hərbi bazası hücuma məruz qaldıqdan sonra Donald Trampın fikrini dəyişdirdiyini yazıb. Məlumata görə, bir amerikalı hərbçinin ölümü ilə yadda qalan hücumdan sonra müdafiə naziri Mark Esper və Baş qərargah rəisi Mark Milley Prezident Trampla görüşüb. Görüşdə Qasım Süleymani sui-qəsdi də müzakirə edilən məsələlər arasında olub.

Adının açıqlanmasını istəməyən bir Ağ Ev rəsmisinə görə, sui-qəsd planının Tramp tərəfindən təsdiq edilməsinin əsas müəllifləri Pompeo və Esper idi. Hər iki şəxs sonda prezidenti planın həyata keçirilməsinə razı sala bilib.

Nəşr qeyd edib ki, vitse-prezident Mayk Pens də bu plana dəstək verənlər arasında yer alıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər