Lənkəran rayonunun Lüvəsər kənd məscidinin imam müavini Taleh Əliyevi həmin məscidin həyətində 1995-ci il təvəllüdlü kənd sakini Çingiz Əlizadə öldürməyə cəhd edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Çingiz Lüvəsər kənd məscidinin imam müavini vəzifəsində işləyən Talehi 28 sentyabr 2022-ci ildə məsciddə islam dininin təbliği ilə bağlı ziddiyyətli məqamlara dair söylədiyi fikirlərlə müqayisədə özünün daha çox biliyə malik olduğunu hesab edib, qəti şəkildə onun fikirlərinə qarşı çıxıb.
Talehin din xadimi kimi insanları yalnış məlumatlandırdığını düşünən Çingiz onu öldürmək qərarına gəlib. Sentyabrın 29-da saat 6 radələrində, yəni sübh namazı vaxtı o, yaşadığı evdən bıçaq götürüb və məscidə gedib. Orada vətəndaşlardan birinin uca səslə namaz qılmasına irad bildirib, Talehi münaqişəyə cəlb edib.
Daha sonra Talehin döş qəfəsinə, bel və sol said nahiyələrinə bıçaq zərbələri vurub.
Lakin Talehin aktiv müqaviməti, hadisə yerində olan insanların müdaxiləsi, həmçinin Talehin xəstəxanaya çatdırılaraq vaxtında ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində o, cinayəti başa çatdıra bilməyib.
“İslam dini üzrə təhsilim olmayıb, amma...”
İstintaq orqanı tərəfindən Çingizin barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Çingiz ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O, ifadəsində göstərib ki, subaydır, Lənkəran rayonunun Lüvəsər kəndində valideynlərinə məxsus evdə yaşayıb, heç bir yerdə işləməyib: “Mən Lənkəran Dövlət Universitetinə qəbul olaraq təhsil almışam. Sonradan öz istəyimlə universitetdən çıxmışam və təhsilim yarımçıq qalıb.
Uşaqlıqdan İslam dininə bağlı olmuşam. İslam dini üzrə təhsilim olmasa da, bu dinə aid kitablar oxumuşam, dini öyrənmişəm. Bu sahədə fərdi qaydada biliklər almışam. İbadətlə məşğul olduğumdan hər gün Lüvəsər kənd məscidinə getmişəm”.
“Ziddiyyətli məqamlar olduğunu bildirdim”
Çingiz qeyd edib ki, 2022-ci ilin sentyabr ayının əvvələrində məscidə yeni təyin olunmuş imam müavini Talehi əvvəllər tanımayıb, məscidə gələndən sonra onu görüb:
“Talehin danışığından və hərəkətlərindən dini savadının azlığı, bu vəzifədə işləməyə layiq olmadığı qənaətinə gəldim. Onun din barədə fikir və söhbətlərini qəbul etmədim. Sentyabrın 28-də saat 19 radələrində axşam namazını qılmaq üçün məscidə getdim. Namazdan sonra məscidin içərisində Talehə verilən sualları cavablandırmağa başladım. Həmin vaxt özüm və başqa şəxslər, o cümlədən həmkəndlilərim Famil və Coşqun da orada idilər.
Söhbət zamanı Taleh bizə islam dini ilə bağlı müxtəlif kitablarda olan hədislər arasındakı ziddiyyətli məqamlardan danışdı. Mən də bu mövzuda öz fikirlərimi Talehə bildirdim. Aramızda heç bir anlaşılmazlıq olmadı. Məscidin içərisində söhbəti yekunlaşdıraraq çölə çıxdıq.
Çölə çıxanda Talehin Famil və Coşqunla söhbət etdiyini gördüm. Yaxınlaşanda Talehin islam dininə aid müxtəlif mənbələrdə yazılan dini və ziddiyyətli məqamlar barədə danışdığını eşidərək söhbətə qoşuldum. Əhli-sünnə mənbələrində ziddiyyətli məqamlar olduğunu bildirdim”.
“Onun dediklərini qəbul etmədim”
Çingizin ifadəsinə görə, söhbət zamanı Taleh hansısa tanışı ilə aralarında intim zarafatları olduğunu, zarafat zamanı tanışına bir nəfərin peyğəmbərin arvadının evinə gəldiyini bildirməsi və Talehin dostu ilə intim zarafatda onun peyğəmbər evinə zina məqsədi ilə gəldiyini deməklə, zina etməsinə işarə vurduğunu başa düşüb:
“Taleh hətta kinayə ilə dostuna “Peyğəmbərin arvadının evinə gəlirdi ha” sözlərini də deyərək ardınca bəzi İslam mənbələrində ev dar olduğu üçün Peyğəmbərin arvadının ayaqları arasında namaz qılması barədə məlumatlar olduğunu bildirdi.
Taleh fikrini intim zarafat formasında “əgər evdə yer dar idisə, evinə qonaq necə gəlirdi və orada necə qalırdı?” deyərək əsaslandırmağa çalışdı. Mən bu fikirləri qəbul etmədim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Qurani-Kərimdə Peyğəmbərin arvadlarına zina böhtanı atmağın qadağan olunduğu əksini tapıb: “Ona görə də Talehin məsciddə bu cür intim söhbətlər etməsi bir müsəlman kimi mənə xoş təsir bağışlamadı. Bu səbəbdən onun sözünü kəsdim. “Bu söhbətləri etmək lazım deyil, Peyğəmbərimizi həmişə öz hörmətimizlə dilə gətirməliyik və onun hörmətini saxlamalıyıq” deyə bildirdim.
Taleh isə mənə “sözümü kəsmə” söylədi, söhbətə davam etdi. Fikirləşdim ki, növbəti gün sübh namazı vaxtı Talehlə təklikdə danışaram. Həmçinin məqsədim onun davranış və hərəkətlərinin islam dininə zidd sayıldığını, məsciddə axundluq etməsinin doğru olmadığını bildirmək idi”.
“Cəzalandırmaq məqsədilə yumruqla vurdum”
Çingizin ifadəsinə görə, növbəti gün səhər saat 5 radələrində sübh namazını qılmaq üçün məscidə gedib:
“Məsciddə Talehi tanımadığım iki şəxslə gördüm. Onlar namaz qılmağa başladılar. Əvvəl Taleh namazı qıldı. Namazdan sonra ona məni gözləməyi, onunla işim olduğunu bildirdim. Taleh də razılaşdı.
Talehlə gəlmiş şəxslərdən biri namazı yüksək səslə qıldığından ona astadan namaz qılmalı olduğunu dedim. O, iradımı qəbul etmədi. Taleh söhbətimizə müdaxilə edərək əlini mənə tərəf uzatdı, hörmətsiz şəkildə “sən ümumiyyətlə nəylə razısan?” dedi. Mən də ondan tanımadığı adamla nə üçün bu formada danışdığını soruşdum. Taleh gələrək yanımda oturdu. Yenə də hörmətsiz şəkildə danışığını davam etdirdi, mənimlə təklikdə söhbət etməkdən yayınmağa çalışdı.
Talehə “məni tanımırsan, mənimlə bu cür danışa bilməzsən” dedim, şalvarımın arxa cibində olan bıçağı qatlanmış vəziyyətdə çıxardım. Bıçağı göstərərək “mənimlə hörmətsiz danışmaq olmaz, məni bıçaqdan istifadə etmək həddinə çatdırma, əsəblərimi korlama” dedim.
Bıçağı Talehi vurmaq məqsədilə götürməmişdim. Sadəcə, təsərrüfat işində ip və ya meyvə kəsmək üçün cibimdə saxlayırdım. Məsciddəki bu söhbətdən sonra Talehi əvvəlki gün danışdıqlarına görə cəzalandırmaq məqsədilə oturduğum yerdən dizi üstə qalxıb sol əlimlə sifətinə bir yumruq vurdum.
Hər ikimiz ayağa qalxdıq, əlbəyaxa dalaşmağa başladıq. Taleh mənə yumruq atsa da, dəymədi. Talehlə birlikdə gəlmiş iki nəfər şəxs bizi aralaşdırdılar”.
“Cəzalandırmaq məqsədi ilə bıçaqla vurmuşam”
Çingiz qeyd edib ki, bu mübahisədən sonra Taleh telefonla kimləsə danışıb, məsciddən çölə çıxıb, az sonra geri qayıdıb:
“Taleh məscidə girən kimi mənə “sən görərsən” dedi. Mən yenidən əsəbiləşərək yerdən boşqabı götürərək ona doğru atdım. Boşqab Talehə dəyməyib yerə düşdü. O, yenidən telefonu götürüb çölə çıxdı. Mən də ardınca məsciddən çıxdım. Talehlə birlikdə gəlmiş, sonradan adlarını bildiyim Elçinlə Toğrul adlı şəxslər də arxamızca gəldilər. Məscidin qarşısında mübahisəmiz davam etdi.
Əvvəlki gün etdiyi danışığa görə, yəni Peyğəmbərin arvadına zina böhtanı atdığı səbəbilə Talehi cəzalandırmaq üçün bıçağı cibimdən çıxardım, onun bədəninə 2 bıçaq zərbəsi vurdum. Üzərimə gələrək əl-qol atdığına görə bir neçə bıçaq da vurdum. Elçinlə Toğrul araya girib bizi araladılar.
Bıçağı qatlayaraq cibimə qoydum. Məscidin həyətində olan dava-dalaş səsinə atam oraya gəldi. Talehlə dalaşmağımı biləndə məni danladı, həyətdə kənara apardı.
Məscidin həyətində əllərimin qanını yuyarkən Talehin mənə qarşı nalayiq ifadə işlətdiyinə görə əsəbiləşərək yenidən onun üzərinə getdim, onu vurmaq istədim. Lakin atam məni tutub saxladı. Taleh onunla gəlmiş iki nəfərlə maşına oturaraq getdi. Atam isə məni məscidin həyətindən evə apardı.
Əlimi cibimə salıb bıçağı axtardım. Tapa bilmədiyim üçün məscidin həyətində bıçağın yerə düşdüyünü zənn etdim. Sonradan məlum oldu ki, mən əlimi yuyarkən atam bıçağı cibimdən götürüb. Daha sonra atam bıçağı polisə təqdim etdi.
Qısa müddət sonra polis əməkdaşları evimə gəldi. Polis şöbəsində izahat verərək aramızda yaranmış mübahisə zamanı Talehi bıçaqla vurduğumu bildirdim.
Niyyətim Talehi öldürmək olmayıb. Qarşılıqlı mübahisə zamanı Talehi bıçaqla vurmuşam”.
“Problem yaratmağa meyilli adamdır”
İş üzrə zərərçəkmiş qismində ifadə verən Talehin sözlərinə görə, ali dini təhsillidir: “2022-ci ilin may-iyun aylarında Dini Qurumlar üzrə Dövlət Komitəsində imtahan verdim. 2022-ci ilin sentyabrında Lüvəsər kənd məscidinə imam müavini vəzifəsinə təyin edildim.
Sentyabrın 24-də kənd əhalisinə təqdim olundum. Həmin gündən başlayaraq hər gün 3 dəfə məscidə getmişəm, kənd əhalisi ilə dini mövzularda söhbətlər etmişəm. Mənə verilən sualları cavablandırmışam.
Təqsirləndirilən Çingizi əvvəllər tanımamışam, heç bir münasibətim olmayıb. Lakin məscidə gələndən sonra onu mənə kənardan göstərib məlumat verdilər ki, bu şəxs dinlə bağlı müzakirələrdə iştirak etsə də, problem yaratmağa meyillidir, ondan ehtiyatlı olmaq lazımdır.
Məsciddə mənə verilən sualları cavablandıranda Çingiz hər dəfə müdaxilə edir, mən öz fikrimi bildirəndə cavablarımla razılaşmayaraq öz fikirlərini bildirirdi”.
“Sözümü kəsdi”
Zərərçəkmiş şəxs qeyd edib ki, sentyabrın 28-də saat 19 radələrində axşam namazından məsciddə qalmış şəxslərlə söhbət edib, onlardan biri də Çingiz olub: “Söhbət zamanı Çingiz vəhabilərlə tez-tez dini müzakirələr etdiyini, vəhabi mənbələrinə dair kitablarda deyilən fikirlər arasında ziddiyyətli məqamların çox olduğunu, yəni bir kitabda yazılanla, digər kitabda yazılan fikirlərin üst-üstə düşmədiyini bildirdi. Çingizin sözünə hörmət naminə müdaxilə etmədim, heç bir fikir bildirmədim.
Söhbət bitdikdən sonra məsciddən çölə çıxdıq. Mən həyət qapısının yanında Çingizin bir nəfər tanımadığım kənd sakini ilə dayandığını gördüm, üzümü ona tərəf tutaraq “qardaşım, sən məscidin içərisində vəhabi mənbələrində ziddiyyətli fikirlər barədə danışırdın, mən də sənə əlavə olaraq bildirmək istəyirəm ki, o mənbələrə dair kitablarda həqiqətən də ziddiyyətli məqamların olmasını eşitmişəm” dedim.
Sonra da təxminən 10-15 il əvvəl bir məclisdə olan zaman Lerik rayonunun axundundan vəhabi mənbələrinə dair kitablarda Peyğəmbərin arvadının evi dar olduğu üçün onun ayaqları arasında namaz qılması barədə məlumat eşitdiyimi bildirdim.
Çingiz sözümü kəsdi, Peyğəmbərin arvadı ikiüzlü olsa da, Peyğəmbər arvadıdır və biz ona hörmət etməliyik dedi. Mən də Çingizə sözümün nə Peyğəmbərə, nə də Peyğəmbərin arvadı ilə bağlı olduğunu bildirdim. Sözümün ardını gətirmək istəyərkən Çingiz imkan vermədi. Yenə öz dediklərini təkrar etdi”.
“Mənə “harda istəyiriksə, orada söhbət edə bilərik” dedi”
Talehin ifadəsinə görə, sentyabrın 29-da səhər saat 5 radələrində dostları Digah kənd məscidinin imamı Toğrul və dini təhsilli Elçinlə birlikdə Lüvəsər kənd məscidinə gediblər:
“Məsciddə bizdən başqa heç kim yox idi. Mən əvvəlcə azanı səsləndirdim, azan oxuna-oxuna Toğrulla namazı qıldım. Elçin isə bizdən sonra namaz qılmağa başladı. Çingiz namaz qılmağa hazırlaşmağa başlayarkən “namazı cəm şəkildə qılacağıq?” deyə sual verdi. Mən də sübh namazında məsciddə heç kim olmadığı üçün həmişə azan oxuna-oxuna öz namazımı qıldığımı bildirdim.
Elçin bir az uca səslə namaz qılarkən Çingiz ona “namazı yüksək səslə qılma, başqa şəxslərin namazına mane ola bilərsən” dedi. Elçin də ona namaz qaydalarını yaxşı bildiyini bildirdi. Çingiz əsassız olaraq mübahisə etməyə başladı, aqressiv şəkildə “mən Xameneyninin müqəllidiyəm, hər şeyi çox gözəl bilirəm, itxanada da olmuşam, heç kimdən qorxmuram” dedi.
Mübahisənin böyüyə biləcəyini gördüm, Çingizin yanına gedərək yerə əyləşdim, “qardaşım, biz Əli şiəsiyik, mübahisə etməyək, bir-birimizin sözlərinə hörmətlə yanaşaq, hər şeydən nəsə səhv axtarmaq lazım deyil” deyə bildirdim. Çingiz isə əsəbi halda mənə “harda istəyiriksə, orada söhbət edə bilərik” dedi”.
“Sən "suka"san, o dəqiqə məlumat verirsən” dedi”
Talehin sözlərinə görə, Çingiz sakitləşməyib, əksinə daha da coşaraq dizi üstə qalxıb, arxa cibinin üzərindən asdığı bıçağı göstərib: “Onu sakitləşdirməyə çalışdım. Həmin vəziyyətdə qəfildən yumruqla sifət nahiyəmə vurdu. Zərbədən oturduğum yerdən arxası üstə yıxıldım, dişim sındı, ağzımdan qan gəlməyə başladı. Sonra ayağa qalxdım və biz tutaşdıq. Özümü müdafiə etmək üçün yumruq atsam da, ona dəymədi. Elçinlə Toğrul araya girərək bizi ayırdılar.
Xəsarət aldığım üçün telefonla təcili yardıma zəng etmək istəyərkən Çingiz daha da aqressivləşərək “sən "suka"san, o dəqiqə məlumat verirsən” dedi. Mən də polisə yox, təcili yardıma zəng etdiyimi bildirdim.
Məscidin içərisindən çölə çıxmaq istəyərkən Çingiz məsciddə olan şüşə boşqabı mənə doğru atdı, amma dəymədi. “Sənin boğazını kəsərəm, bıçağı boğazına soxub səni öldürərəm” dedi.
Çölə çıxdıqda Çingizin daha da aqressivləşdiyini, onun qarşısını almağın mümkün olmadığını gördüm. Məscidin pilləkənlərində dayanaraq polisə məlumat vermək üçün “102”yə zəng etmək istəyərkən Çingiz bıçağı çıxararaq mənə yaxınlaşdı, zərbələr endirməyə başladı. Əlimlə müqavimət göstərərkən bıçaq zərbələrindən ikisi sol qoluma dəydi.
Toğrul və Elçin Çingizi tutaraq sakitləşdirmək istəslər də, o, əllərindən çıxıb, mənə doğru gəldi, “üzr istəməlisən, yoxsa səni öldürəcəyəm” deyərək yenidən bıçaqla vurmaq istədi. Amma onun mənə yaxınlaşmasına imkan vermədilər. “Sənə nə etmişəm ki, səndən üzr istəyim” dedim. Çingiz yenə də onların əlindən çıxmağa çalışdı.
Çingizdən aralanaraq məscidin həyət qapısına tərəf gedərkən halsızlaşdığımı hiss etdim. “102” xidmətinə zəng edərək bıçaqlandığımı bildirdim. Əlimi sağ böyrümə qoyanda maykamın bütöv qan içərisində olduğunu və sağ tərəfdən qan axdığını gördüm. Ayaq üstə qala bilmədiyimdən məscidin həyət qapısının yanında betonun üzərində oturdum”.
“Məni öldürəcəkdi”
Taleh bildirib ki, Çingiz Elçingilin əlindən çıxıb, ona doğru gələrək yenə bıçaqla vurmağa çalışıb: “Amma ona imkan vermədilər. Səs-küyə Çingizin atası İsfəndiyar da ora gəldi, mənim qan içində olduğumu gördü. Elçinlə Toğrula qışqıraraq “nə üçün imkan verirsiniz, Çingiz axundu bıçaqlasın” dedi.
İsfəndiyar Çingizi tutaraq oradan aralaşdırdı. Toğrulla Elçin məni məsciddən çıxardı, Toğrulun avtomobilinə doğru gedərkən Çingiz atasının əlindən çıxdı, cibində bıçağı axtardı. Bıçağı tapa bilmədiyindən məscidin həyətində gəzdi, ancaq bıçağı tapa bilmədi.
Xəstəxanada əməliyyat olundum, 12 gün müalicə aldıqdan sonra evə buraxıldım.
Çingizin heç bir səbəb olmadan mənə bıçaq zərbələri vurmaqda məqsədi məni öldürmək olub. Əgər hadisə yerində dostlarım onu tutaraq aralaşdırmasaydılar, hadisə yerinə gələn atası İsfəndiyar oğluna mane olmasaydı, Çingiz məni öldürəcəkdi.
Mənim Çingizlə heç bir problemim olmayıb. O, sadəcə mənim dini görüşlərimi bəyənməyib, dediklərimi özü başa düşdüyü kimi qəbul edib”.
Cəza nə oldu?
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Çingiz 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Şikayətdə Çingizin əməlini Cinayət Məcəlləsinin 129.2-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilməsini istəyib.
Şikayət araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, Çingizin əməli Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib. Onun cəzası 10 ilə endirilib.
Daha sonra təqsirləndirilən şəxsin müdafiəçisi Ali Məhkəməyə kasasiya şikayəti verib. Həmçinin dövlət ittihamçısı kasasiya protesti verib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən araşdırılması üçün cinayət işinin aprellyasiya instansiyasına qaytarılmasını istəyib.
Kasasiya şikayətinin araşdıran daha yuxarı instansiya məhkəməsinin hakimləri kasasiya şikayətini qismən təmin edilib. Çingizin cəzası 7 il 10 ay 15 günə endirilib.
Dövlət ittihamçısının kasasiya protesti təmin edilməyib.