ABŞ müdafiə naziri Mark Esper və baş qərargah rəisi Mark Milley İranın Amerikanın İraqdakı hərbi bazalarına hücumu ilə bağlı hesabatı təqdim edib.
Teleqraf.com xəbər verir ki, Mark Esper İranın ABŞ və koalisiya qüvvələrinin yerləşdiyi iki bazaya 16 raket zərbəsi endirdiyini bildirib.
Raketlərdən 11-i Əl-Əsəd, biri isə Ərbil bazasına çırpılıb. Nəticədə bəzi anbarlar, taksi dayanacağı, avtopark və bir helikopter zərər görüb.
Esper hücum nəticəsində ölən və yaralananların olmadığını bildirilib.
Milley isə qeyd edib ki, gözlənilmədən həmlə edən İranın məqsədi çoxlu sayda itkiyə yol açmaq olub.
Qərargah rəisi Əl-Əsədin böyük bir baza olduğunu, belə hücumlara qarşı hazırlıqlı olduğunu qeyd edib: “Ona görə böyük bir zərər dəymədi ki, əvvəlcədən bütün tədbirlər görülmüşdü, hazırlıqlı idik”.