Rusiya NATO ölkələrinin qərb istiqamətindəki hərəkətlərinə reaksiya verəcək və Qərbi Hərbi Dairədə 20-yə yaxın yeni birləşmə və birlik yaradacaq.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
O, qeyd olunan istiqamətdə hərbi təhlükənin artdığını söyləyib.
Şoyquya görə, ABŞ-ın rəhbərlik etdiyi Şimali Atlantika Alyansına üzv ölkələr getdikcə təlimlərin sayını, strateji aviasiya uçuşlarının intensivliyini və qanadlı raketlərlə təchiz edilmiş gəmilərin sayını artırır.
Nazir NATO ölkələrinin hərəkətlərinin mövcud təhlükəsizlik sistemini təhdid etdiyindən Moskvanın adekvat tədbirlər görməyə məcbur olduğuna diqqət çəkib. Şoyqu buna görə, ölkənin qoşunlarının döyüş gücünü daim artırdığını deyib.
Qərbi Hərbi Dairədə 20-yə yaxın yeni birlik yaratma planından danışan nazir həmin birliklərin müasir silah və texnika ilə təchiz olunacağını açıqlayıb: “Bu il bölgədəki (Şərqi Avropa istiqamətində) qoşunlara təxminən iki min silah tədarük edilməsi planlaşdırılır”.