“Məsələ artıq Ukrayna-Rusiya müharibəsi çərçivəsindən çıxıb”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Azər Qasımlı deyib.
Ekspert Ukraynaya təcavüz edən Rusiyanın çıxılmaz duruma düşdüyünü söyləyib:
“Rusiya Prezidenti Vladimir Putin səhv qərarları və addımları ilə özünü tələyə saldı. İndi də artıq dura bilmir. Getdikcə də bataqlıq onu daha çox dərinə dartır, “qırmızı “xətlər”i keçir, özünü çıxılmaz vəziyyətə salır. Danışıqlar masasında heç nə əldə edə bilmədi, müharibəyə əl atdı. Nə müharibə yolu ilə Ukraynanı işğal edə, nə də müharibənin məsuliyyətini bölüşmək məqsədilə ətrafında hər hansı geniş koalisiya yarada bildi. Bunlara görə də nüvə qüvvələrini hazırlıq vəziyyətinə gətirmək əmri verir və intensiv şəkildə yaşayış yerlərini raket hücumuna məruz qoyur. Acizlik və son çarədir.
Vəziyyətdən indi iki çıxış yolu var. Qərbin başlatdığı öldürücü sanksiyalara artıq bütün dünya qoşulur. Rusiya hər sahədə təcrid olunur. Belə olan təqdirdə, Putin ya daxildə bütün qüvvələri, sadəcə müxalifəti deyil, elita daxilində təmizlik işinə başlayır, müstəqil düşünən, əlaqələri olan məmurları, oliqarxları və bütün varlı adamları tam neytrallaşdıraraq Rusiyanı Şimali Koreyaya çevirməlidir, ya da əksi baş verməlidir. Vəziyyətdən başqa çıxış yolunu görmürəm”.
Azər Qasımlı prosesin Ukrayna-Rusiya qarşıdurması olmaqdan çıxdığını bildirib:
“Məsələ artıq Ukrayna-Rusiya müharibəsi çərçivəsindən çıxıb. Sadəcə zaman məsələsidir. Proseslər də çox sürətlə cərəyan edir. Hətta bu mərhələdə Putin Kiyevi zəbt etsə belə, Rusiya Ukrayna bataqlığından çıxa bilməyəcək. Hətta bu mərhələdə Qərbin və Ukraynanın şərtləri ilə müharibəni dayandırsa və qoşunlarını sərhəddən çəksə, bununla da uduzduğunu və ölkəsini pis vəziyyətə saldığını etiraf etmiş olsa belə, sanksiyalar ləğv edilməyəcək.
Böyük ehtimal Putin hakimiyyətdən gedənə qədər sanksiyalar qalacaq və hətta o, gedəndən sonra da dərhal yox, tədricən ləğv ediləcək. İndi əsas sual odur ki, Rusiya cəmiyyəti Şimali Koreya olmağa hazırdırmı?”.