08:00
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin kosmik stansiyasında fəaliyyət göstərmək üçün növbəti astronavtlar qrupu olan “Şencou-19” (“Shenzhou-19”) missiyasına start verilib.

Teleqraf.com xəbər verir ki, “Şencou-19” kosmik gəmisini orbitə aparan “Böyük yürüş-2F” (“Long March-2F”) daşıyıcı raketinin buraxılışı Qobi səhrasındakı Ciuçüən kosmodromunda oktyabrın 30-da Pekin vaxtı ilə səhər saat 04:27-də baş tutub. “Şencou-19” missiyasında astronavtlar Çay Sucı (heyətin kapitanı), Son Lindon və xanım Van Haocı iştirak edirlər. Bu, Çinin orbitə göndərdiyi 14-cü pilotlu missiyasıdır. Çay Sucı “Şencou-14” missiyasının üzvü kimi 2022-ci ildə kosmosda olub. Çinin 3-cü nəsil astronavtlarından olan keçmiş hərbi pilot Son Lindon və mühəndis Van Haocı isə ilk dəfə kosmosa uçub. Van Haocı Çinin kosmosa uçan 3-cü qadın astronavtı və hazırda yeganə mühəndis-astronavtıdır. Onların hər ikisi 1990-cı illərdə dünyaya gələn astronavtlardır.

Buraxılışdan əvvəl ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi yolasalma mərasimi təşkil olunub.

Çin Kosmos Agentliyi buraxılışdan təxminən 10 dəqiqə sonra kosmik gəminin raketdən ayrılaraq orbitə daxil olduğunu açıqlayıb. Buraxılışdan təxminən 6,5 saat sonra kosmik gəmi “Tienqon” adlı stansiyası ilə birləşib.

“Şencou-19” missiyası kosmik stansiyada 6 aylıq fəaliyyətini noyabrın 4-də başa vuracaq “Şencou-18” missiyasının astronavtları Yı Quanfu, Li Çon və Li Quansunu əvəzləyəcək. “Şencou-19” missiyasının astronavtlarının da stansiyada təxminən 6 ay qalması nəzərdə tutulub. Onlar stansiyada və açıq kosmosda bir neçə tapşırıq icra edəcək, bəzi avadanlıqları quraşdıracaqlar. Ümumilikdə 86 kosmos elm araşdırması, o cümlədən bioloji və fiziki tədqiqat, texnoloji eksperiment yerinə yetiriləcək. “Şencou-19” Çin kosmik stansiyasının 4-cü astronavt missiyasıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər