Martın 2-də Ermənistan parlamentində yeni prezidentin seçilməsi ilə bağlı gizli səsvermə başa çatıb. Təftiş Komissiyası martın 3-ü səhər saatlarında nəticələrini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, hakim “Mülki müqavilə” partiyasının parlament fraksiyası prezident postuna Vaaqn Xaçatryanın namizədliyini irəli sürüb.
O, yeganə namizəddir, çünki parlament müxalifəti vakant posta başqa namizəd irəli sürməyib. Üstəlik, parlamentdəki müxalif “Ermənistan” və “Mən Şərəfim” fraksiyaları müzakirəni boykot edib.
Səsvermədə 107 deputatdan 69-u iştirak edib, onların hamısı hakim çoxluğun nümayəndəsi olub. Xaçatryanın namizədliyi yekdilliklə dəstəklənib.Lakin bu, ona ilk cəhddən prezident olmağa imkan verməyib. Xaçatryana seçilmək üçün 81 səs almalıdır, amma Paşinyan komandasının cəmi 71 deputatı var.
Konstitusiyaya görə, respublika prezidenti deputatların ümumi sayının azı dörddə üçünün səsini toplayan namizəd seçilir. Əgər respublika prezidenti seçilməsə, birinci turda iştirak etmiş bütün namizədlərin iştirak edə biləcəyi seçkilərin ikinci turu keçirilir. İkinci turda deputatların ümumi sayının azı beşdə üçünün səsini toplayan namizəd respublika prezidenti seçilir. Əgər o vaxt da respublika prezidenti seçilməzsə, ikinci turda ən çox səs toplamış iki namizədin iştirak edə biləcəyi seçkilərin üçüncü turu keçirilir. Üçüncü turda deputatların ümumi sayının səs çoxluğunu toplayan namizəd respublikanın prezidenti seçilir.