Rusiya qazının Finlandiyaya nəqli mayın 21-i səhər saatlarında dayandırılacaq.
Teleqraf.com xəbər verir ki, müvafiq tarixi Finlandiyanın “Gasum” dövlət kompaniyası açıqlayıb.
Finlandiya mayın 17-də “Qazprom”un tədarük üçün yeni ödəniş sxemi ilə bağlı tələblərini yerinə yetirməkdən imtina edib. Müqavilənin şərtlərinə görə, vəsait Rusiyaya mayın 23-dək çatmalıdır. Helsinkidə artıq təxmin edilirdi ki, qaz nəqli bu həftənin əvvəlində dayandırıla bilər.
“Qazprom” artıq aprel ayında Bolqarıstan və Polşaya Moskvanın tələbləri ilə razılaşmadıqdan sonra onlara tədarükünü dayandırıb. Eyni zamanda, əvvəllər rus tədarükçüsü ilə müddəti bitən müqaviləni yeniləmək niyyətində olmayan Varşavanın belə bir qərara hazır olduğu üzə çıxıb və tədarükün dayandırılmasına bir gün qalmış öz sanksiyalarını tətbiq edib.
Eyni zamanda Moskvada bildirildiyi kimi avropalı alıcıların bir hissəsi yeni şərtlərlə razılaşıblar. Rusiya Baş nazirinin müavini Aleksandr Novak mayın 19-da bildirib ki, “Qazprom”dan mavi yanacaq alan 54 şirkətin təxminən yarısı rublla ödəniş etmək üçün “Qazprombank”da hesab açıb.