Moldovanın keçmiş prezidenti İqor Dodon 72 saat müddətinə saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Moldova mediası məlumat yayıb.
Bundan əvvəl onun evində axtarış aparılıb. İstintaq cinayət işi çərçivəsində dörd maddə üzrə aparılır: passiv korrupsiya, siyasi partiyanın cinayətkar təşkilatdan maliyyə əldə etməsi, qanunsuz varlanma və dövlətə xəyanət.
“İstintaq tədbirləri davam edir. Dodona məxsus evdə və bəzi yerlərdə axtarışlar aparılıb. O, 72 saat müddətinə saxlanıb”, - Moldova Baş Prokurorluğunun sözçüsü Marianna Kerpek jurnalistlərə bildirib.
O dəqiqləşdirib ki, axtarışlar ümumilikdə 12 binada, o cümlədən eks-prezidentin bu ilin fevralında yaratdığı və rəhbərlik etdiyi Moldova-Rusiya biznes ittifaqının ofisində aparılıb. Polis siyasətçinin vasitəçilərinə məxsus daşınmaz əmlakı da araşdırır.
Moldova Baş Prokurorluğu mayın 18-də Dodonun iş adamı Vladimir Plaxotnyukdan rüşvət almaqda şübhəli bilinərək ona qarşı cinayət işi açıb. Buna 2019-cu ilə aid videogörüntülər səbəb olub. Videoda Plaxotnyuk o vaxtkı prezident İqor Dodona qara paket uzatmağa çalışıb. Siyasətçi bağlamanı götürməyərək deyir: “Yenə çantaların yanındasan. Kostyaya ver, sabah o, Kornelə verəcək, çünki sabah saat beşdə mənim uçuşum var. Bazar ertəsi o, maaşları verməlidir”.
Video yayımlanandan sonra araşdırma başlansa da, prokurorluq cinayət tərkibi aşkar etməyib.
Dodon bütün ittihamları rədd edir.