“Truth Social” adlı sosial şəbəkəsində birinci həyat yoldaşı İvana Trampın ölümünü elan edən ABŞ-ın sabiq prezidenti Donald Tramp onunla həmişə fəxr etdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, Tramp İvananın həmişə gözəl qadın olduğunu deyib.
“Gözəl və ilham verən bir həyat, çox gözəl və möhtəşəm qadın idi. Onun qüruru və sevinci üç övladı kiçik Donald, İvanka və Erikdi. Hamımız onunla fəxr etdiyimiz kimi, o da onlarla fəxr edirdi. Rahat yat, İvana”, - eks-prezident söyləyib.
Tramp ailəsi adından verilən açıqlamada İvana Trampın kommunizmdən qaçaraq bu ölkəyə qucaq açdığı, övladlarını qətiyyət və cəsarətlə böyütdüyü qeyd olunub.
Trampın müttəfiqlərindən biri, respublikaçı senator Lindsi Qrem isə İvana haqda “O, Amerika röyasını yaşadı” deyib.
İvana Trampın ölümü ABŞ mətbuatının da gündəmində olub. “Nyu-York Tayms” qəzetinin yazdığına görə, polis təsadüfi görünməyən ölümü araşdırır. Nüfuzlu qəzetin bu xəbəri İvana Trampın ölümü ilə bağlı suallar yaradıb. İndi hər kəs rəsmi orqanlardan gələn xəbəri gözləyir.
Keçmiş Çexoslovakiyada anadan olan İvana Tramp 1977-ci ildə Donald Trampla evlənib. Cütlük 15 il sonra 1992-ci ildə boşanıb. Onların üç övladı var. Cütlük 1980-90-cı illərdə Nyu-Yorkun tanınmış simaları idi, təsadüfi deyil ki, boşanmaları da böyük əks-səda doğurmuşdu.
İvana boşandıqdan sonra öz geyim, zərgərlik və kosmetika markalarını yaradaraq yoluna davam edib. Sonralar boşandıqdan sonra Donald Trampla ünsiyyətlərinin daha yaxşı olduğunu, onunla həftədə bir dəfə danışdığını demişdi.
İvananın Donald Trampdan əvvəlki ilk həyat yoldaşı Alfred Vinklmayr avstriyalı xizək məşqçisi olub. O, İvananın Avstriya vətəndaşlığı almasına da kömək edib. Bu evlilik İvananın Çexoslovakiyadan getməsinə də yol açmışdı.
İvana Donald Trampdan ayrıldıqdan sonra iki dəfə evlənib. Birincisi 1995-97-ci illər arasında evli olduğu italyan iş adamı Rikkardo Mazzuçelli, ikincisi isə 2008-2009-cu illər arasında ailə qurduğu italyan aktyor Rossano Rubikondidir.