12 Avqust 2022 12:40
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Kommunist Partiyası qurultaya hazırlaşır. Partiyanın sədri və ölkənin lideri Si Cinpin növbəti 5 ildə də ölkəyə rəhbərlik etmək istəyir. Halbuki uzun illər Çində lider hər 10 ildən bir dəyişirdi, yəni partiyaya iki dəfədən çox lider seçilmək gərəkli bilinmirdi. Si Cinpin isə üçüncü dəfə partiyaya sədr seçilmək marağındadır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilib.

Mərkəzin analitiklərinə görə, Cinpin Çinin iqtisadi inkişafını təmin edib, qlobal güclərlə mübarizə aparıb, bu səbəbdən də partiyada onun ardıcılları çoxdur:

“Buna baxmayaraq, Çin Kommunist Partiyasının rəhbərliyində fərqli düşünənlərin olduğu barədə də xəbərlər var. Məsələn, narazılar Çində pandemiyə ilə mübarizənin həddən artıq sərt olduğunu və ABŞ-la münasibətlərin gərginləşməsinin doğru olmadığı qənaətindədir. Çində iqtisadiyyatın dövlətin əlində mərkəzləşməsi və nəzarətin artırılması da tənqid olunur. Çindəki nəhəng texnologiya şirkətlərinin dövlət tərəfindən ciddi nəzarətə alınması çinli oliqarxları narazı salır. ABŞ sanksiyaları bu şirkətlərinin gəlirlərini azaldır.

Cinpinin Amerikadan uzaqlaşaraq, Rusiya ilə yaxınlaşması çinli sahibkarların ürəyincə deyil. Çünki Çin şirkətlərinin əsas tərəfdaşları Qərb ölkələrindədir.

Cinpinin dövründə Çində insan haqlarının vəziyyəti, uyğur türklərinə qarşı zorakılıq hallarının davam etdirilməsi və müxaliflərin sıxışdırılması Pekinlə Qərb arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Tayvan adası ətrafındakı vəziyyət Pekinlə Vaşinqton arasındakı münasibətləri daha da gərginləşdirib”.

Təhlildə vurğulanıb ki, Çinin 1970-ci illərdəki lideri və əsas islahatçısı Den Syaopin kommunist lider Mao Tszedundan sonra partiyada şəxisyyətə pərəstişi qadağan etmişdi:

“Çünki Mao Tszedun dövründəki avtoritarizm Çinə böyük problemlər yaşatmış, milyonlarla insan sıxışdırılmanın və təqiblərin qurbanı olmuşdu. Cinpin Tszeduna bənzəməsə də, Kommunist Partiyasının bir qrup üzvü alternativlərə də imkan yaradılmasının tərəfdarıdırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu