Moldova XİN Rusiya xarici işlər naziri Sergey Lavrovun ölkədə rusdillilərin sıxışdırılması ilə bağlı dediklərini pisləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Tvitter hesabında Moldova Xarici İşlər Nazirliyinin nümayəndəsi Daniel Vode bildirib.
“Həmişə olduğu kimi, Kişinyov Dnestryanı nizamlamada dinc dialoqa tam sadiq qalır və Rusiyanı bizim ərazimizdə qeyri-qanuni yerləşdirilmiş qoşunlarını çıxarmağa çağırır”, - Vode qeyd edib.
Daniel Vode Moldovanın demokratik ölkə olduğunu, hər kəsin, o cümlədən rus, ukrayna, qaqauz, bolqar və digər azlıqların dillərində danışanların hüquq və azadlıqlarının təmin olunduğunu vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqını Moldovada “münaqişənin nizamlanması”nı pozmaqda ittiham edib.
O, Dnestryanıda olan rusların hüquqlarını müdafiə edəcəklərini bildirib və indiki Moldova hökumətini ABŞ-la oyun oynamaqda ittiham edib.