PKK terror təşkilatının tərəfdarları əvvəllər dövlət binalarının üzərinə PKK simvollarının proyeksiya edildiyi İsveçdə yenidən peyda olublar.
Teleqraf.com xəbər verir ki, İsveçin Malmö şəhərində 22 yaşlı Məhsa Əmininin İranda “əxlaq polisi” tərəfindən öldürülməsinə etiraz olaraq keçirilən mitinqə YPG/PKK tərəfdarları da qatılıb.
“Möllevanqstorget” meydanına toplaşan izdiham “Hamımız Məhsa Əminiyik” və “İranda qadınlara azadlıq” şüarları səsləndirib.
Aksiyaya dəstək bir qrup insan YPG/PKK-nı simvolizə edən əski parçaları daşımaqla yanaşı, terror təşkilatının lideri Abdullah Öcalanın plakatını qaldırıblar.
Sentyabrın 13-də Tehranda “əxlaq polisi” tərəfindən saxlanıldıqdan sonra komaya düşərək xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmini üç gün sonra vəfat edib. Məhsanın polis tərəfindən işgəncə ilə öldürülməsi ölkədə hiddətə səbəb olub.
Sentyabrın 17-də Əmininin doğulduğu Saqqızda dəfn edilməsindən sonra başlayan nümayişlər ölkənin bir çox şəhərlərinə yayılıb.