“Qazaxıstanda yanvar iğtişaşları zamanı dövlətə xəyanət edən şəxslər tezliklə məhkəmə qarşısına çıxarılacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
“Tezliklə dövlətə xəyanət edən, ikiüzlü və qorxaq şəxslər məhkəmə qarşısına çıxarılacaq. Faciə və ya təxribat törədən şəxslərin əməlləri ilə bağlı istintaq davam etdiriləcək”, - prezident vurğulayıb.
Tokayev qeyd edib ki, bu faciədən ibrət dərsi götürülməlidir, heç bir halda quldurları, terrorçuları bağışlamaq olmaz.
“Quldurları, qatilləri, talançıları ayağa qaldırmağa çalışanlardan qorxmaq lazımdır. Onlar xalqımızın köklü maraqlarından uzaq, şəxsi məqsədlər güddükləri üçün qanun çərçivəsində cəzalandırılmalıdırlar”, - Qazaxıstan prezidenti bildirib.
Yanvarın əvvəlində Qazaxıstanda kütləvi iğtişaşlar baş verib. Prezident Kasım-Jomart Tokayev baş verənləri “dövlət çevrilişinə cəhd” adlandırıb və iğtişaşları yatırmaq üçün KTMT-yə müraciət edib. Yanvarın 7-də vəziyyət sabitləşib, yanvarın 19-da bütün ölkədə fövqəladə vəziyyət ləğv olunub.
Məlumata görə, hadisələr zamanı 238 nəfər həyatını itirib, 4,5 mindən çox insan yaralanıb.