İran İnqilabının Keşikçiləri Korpusu oktyabrın 25-də Sistan-Bəluçestan əyalətinin Zahedan şəhərində iki zabitinin öldürüldüyünü bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalında məlumat verilib.
Bildirilib ki, SEPAH-ın “Salman” qanadının iki generalı Zahedanda naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb.
Məlumata görə, polkovnik Mehdi Mollaşahi və bəsici Cavad Keixa Zahedan şəhərində naməlum şəxslər tərəfindən güllələnib və hadisənin səbəbkarı və icraçıları axtarılır. Hadisənin motivləri hələlik məlum deyil və heç bir şəxs və ya qrup buna görə məsuliyyəti üzərinə götürməyib.
Qeyd edək ki, son həftələrdə Zahedan səhəri qarşıdurmalar meydanına çevrilib. Həmin vaxt bir qrup Zahedan əhalisi polis polkovnikinin bir bəluç qızını zorlanmasına etiraz olaraq toplaşmış, lakin bu aksiya zorakılıqla dağıdılıb.
Məlumata görə, həmin gün əmniyət gücləri birbaşa atəşlə 90-dan çox etirazçını öldürüb. Habelə SEPAH-ın “Salman” qolunun kəşfiyyat zabiti Həmidrza Haşiminin də qarşıdurmalarda öldürüldüyü bildirilib.