1 Dekabr 2022 15:48
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəsi ilə Qırğızıstan arasında sərhəd probleminin qarşılıqlı torpaq mübadiləsi yolu ilə həllini nəzərdə tutan sazişlərin təsdiq edilməsi haqqında qanunu imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Prezident Mirziyoyev Özbəkistan-Qırğızıstan sərhədinin müəyyən edilməsi və Əndican bəndinin birgə idarə edilməsinə dair sazişlərin təsdiq edilməsi haqqında qanunu imzalayıb.

Özbəkistan-Qırğızıstan sərhədinin müəyyən edilməsinə dair 13 maddədən ibarət saziş iki ölkə arasındakı sərhədin əvvəllər mübahisəli olan 35 nöqtəsində ümumi uzunluğu 302 kilometr olan sərhəd xətti müəyyən edir.

Müqavilə çərçivəsində Əndican bəndinin sahəsinin 4957 hektarının və bəndin saxlanması üçün istifadə olunacaq 19.5 hektar ərazinin Özbəkistana qalacağı bildirilib.

Əndican bəndinin birgə idarə olunması ilə bağlı razılaşmaya əsasən, Özbəkistan tərəfi bənddəki suyun səviyyəsini müəyyən səviyyədə saxlamalı, Qırğızıstan vətəndaşlarının bəndin su ehtiyatlarına sərbəst və maneəsiz çıxışını təmin etməlidir, su ehtiyatları üzərində hər hansı əlavə tikililər tikmək olmaz, Qırğızıstan tərəfi isə bəndim müəyyən edilmiş xəttinə və sudan istifadə rejiminə sadiq olmalıdır.

Özbəkistan xarici işlər naziri Vladimir Norovun noyabrın 3-də Bişkekə səfəri zamanı imzalanan saziş daha sonra iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilib və noyabrın 29-da Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən imzalanıb.

Özbəkistan və Qırğızıstan əvvəllər 1379 kilometrlik ümumi sərhədin böyük bir hissəsi ilə bağlı razılığa gəlsələr də, sərhədin 300 kilometrlik hissəsi ilə bağlı anlaşa bilmirdi.


Müəllif: Mənsur Rəğbətoğlu