11 Fevral 2023 10:36
2 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Avropa Qüvvələri Komandanlığı (EUCOM) “USS George H. W. Bush” təyyarədaşıyan gəmisinin Türkiyənin tələbinə bağlı olaraq, yardım məqsədilə mövqe tutmaq üçün Şərqi Aralıq dənizində yerləşdirildiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, gəmi Yunanıstan sahilləri yaxınlığında lövbər salıb.

Açıqlamada qeyd edilib ki, gəmi fevralın 7-də aldığı bildirişdən sonra bir neçə saat ərzində Şərqi Aralıq dənizinə yerləşdirilib və logistika, tibbi və hava daşıma dəstəyi verməyə hazırdır.

“Anadolu” agentliyinin əldə etdiyi məlumata görə, gəmi Rodos adası yaxınlığındakı beynəlxalq sularda yerləşdirilib. Axtarış-xilasetmə işlərində iştirak etmək üçün fevralın 9-da EUCOM qərargahından bir qrup İncirlik hərbi hava bazasına gəlib.

Açıqlamada İncirlikdə yerləşən ABŞ helikopterlərinin də zəlzələ bölgəsindəki axtarış-xilasetmə işlərinə qatıldığı qeyd edilib.

“İncirlik hava bazasına “Black Hawk” və “CH-47 Chinook” də daxil olmaqla əlavə helikopterlər göndəriləcək”, - məlumatda deyilib.

EUCOM-un Türkiyəyə humanitar yardımına nəzarət general Endryu Pridiyə həvalə olunub.

EUCOM-un komandanı general Kristofer Qavoli isə Türkiyə ilə bağlı bunu deyib: “Müttəfiq və ya tərəfdaş ölkə fəlakətli və faciəvi insan itkisi ilə üzləşdikdə, Birləşmiş Ştatlar bu ölkənin ehtiyaclarına tez cavab verməkdən bir an belə çəkinmir”.

Qavoli vurğulayıb ki, axtarış-xilasetmədən tutmuş tibbi və humanitar yardıma qədər EUCOM Türkiyəyə yardım göstərmək üçün ABŞ dövlət qurumları ilə işləyir.


Müəllif: Mənsur Rəğbətoğlu